Kanada Fransanın hərbi sənaye şirkəti ilə əməkdaşlıqdan imtina edib

Baş səhifə

Bakı. Trend:

Fransanın nəhəng hərbi sənaye şirkəti olan “Naval Group”
Kanadanın sualtı qayıqlarla bağlı proqramından çıxarılıb. Bununla
da, Kanada Fransa ilə sualtı qayıq alışı məsələsini nəzərdən
keçirməkdən imtina edib və 60 milyard Kanada dolları (təxminən 40
milyard avro) dəyərində olan “Kanada patrul sualtı qayıqları
proqramı” Fransa üçün bağlanmış hesab edilib.

Trend xəbər
verir ki, Kanada hökuməti ikinci seçim mərhələsində fransız
istehsalçını siyahıdan çıxararaq Almaniyanın “TKMS” və Cənubi
Koreyanın “Hanwha Ocean” şirkətlərini irəli çəkib. Bu, “Naval
Group” üçün strateji məğlubiyyət hesab olunur və 1980-ci illərdə
baş vermiş oxşar hadisəni xatırladır.

Məlumata görə, “Naval Group” 2024-cü ildə bu layihəyə qatılmaq
üçün ehtiyatlı və ümidli davranıb. Şirkət “Barracuda” modelinə və
Fransa Hərbi Dəniz Qüvvələrinin dəstəyinə güvənib. Fransa bu layihə
üçün siyasi və hərbi səviyyədə lobbiçilik edib. “Tourville” adlı
nüvə sualtı qayığının Halifax şəhərində dayanması isə Fransanın
Arktikada və uzunmüddətli missiyalarda öz təcrübəsini Kanadaya
nümayiş etdirmək cəhdi kimi qiymətləndirilib.




Kanadanın Hökumət Dəyişikliyi və İctimai İşlər Nazirliyi qərarın
ölkənin ehtiyaclarının dərin təhlili nəticəsində verildiyini
açıqlayıb. Seçim zamanı çatdırılma vaxtının, digər ölkələrin
təcrübəsinin və müttəfiq dəniz qüvvələrinin rəylərinin əsas rol
oynadığı vurğulanıb.

Qeyd edək ki, 1980-ci illərdə də Fransa Kanadaya sualtı nüvə
qayıqları satmaq istəyib, lakin bu, siyasi səbəblərdən baş
tutmayıb.