
Bakı.Trend:
Bir neçə gündür davam edən küləkli hava şəraiti respublikanın
müxtəlif bölgələrində yol hərəkəti iştirakçılarının təhlükəsizliyi
üçün əlavə risklər yaradır. Belə hava şəraitində nəqliyyat
vasitələrinin idarə olunması çətinləşir, sükan üzərində nəzarət
zəifləyir ki, bu da qəfil və arzuolunmaz yol-nəqliyyat hadisələrinə
səbəb ola bilər.
Trend xəbər
verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin müraciətində
bildirilib.
Qeyd edilib ki, Baş Dövlət Yol Polisi İdarəsi hərəkət
iştirakçılarına müraciət edərək təhlükəsizlik baxımından aşağıdakı
məqamlara xüsusi diqqət yetirməyi tövsiyə edir:
– güclü külək müşahidə olunan ərazilərdə sürət həddini azaltmaq
və hərəkəti hava şəraitinə uyğun qurmaq;
– digər nəqliyyat vasitələri ilə təhlükəsiz ara məsafəsini
qorumaq;
– sükanı möhkəm saxlamaq;
– açıq magistral yollarda, körpülərdə və dağlıq ərazilərdə daha
diqqətli olmaq;
– avtomobilləri park edərkən aşma riski olan ağacların,
dirəklərin və reklam lövhələrinin altında saxlamamaq.
“Eyni zamanda piyadaların da keçidlərdən istifadə edərkən
diqqətli olmaları, yaxınlaşan nəqliyyat vasitələrinin sürətini
müşahidə etmələri, açıq meydanlarda və geniş yollarda hərəkət
zamanı isə daha ehtiyatlı davranmaları vacibdir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət
iştirakçılarını yol hərəkəti qaydalarına məsuliyyətlə yanaşmağa
çağırır”-müraciətdə deyilir

