
Bakı. Trend:
Prezident İlham Əliyevin hər çıxışı, müsahibəsi həm ölkəmiz, həm
region, həm də dünyada baş verən hadisələrlə bağlı ölkə və
beynəlxalq ictimaiyyətin daha dolğun şəkildə məlumatlandırılmasında
əhəmiyyətli rol oynayır. Bu baxımdan dövlətimizin başçısının
Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində
səsləndirdiyi fikirlər mühüm çağırışları özündə ehtiva edir.
Prezident İlham Əliyev öncə Vaşinqtonda tarixi sülh razılaşmasının
təəssüratlarından bəhs etdi. Bildirdi ki, avqustun 8-də Vaşinqtonda
baş verən hadisələr, əslində, qarşıdurmanın və gərginliyin sonu
deməkdir. Uzun illərdir ki, Ermənistanla müharibə vəziyyətində
idik. Məhz Ermənistan 1990-cı illərin əvvəlindən Azərbaycan
ərazilərini işğal etmişdi. O zaman Azərbaycan çox zəif idi, ordumuz
yox idi. Ermənistanın isə Azərbaycan ərazilərini işğal etməkdə ona
dəstək göstərən xarici tərəfdarları var idi. Beləliklə, ərazimizin
təxminən 20 faizi onlar tərəfindən işğal edilmişdi, nəticədə bir
milyon qaçqın və məcburi köçkünümüz var idi. Həmin dövrdə bu,
əhalinin sayına görə dünyada ən yüksək nisbətlərdən biri idi. Yəni,
Azərbaycanın əhalisi o vaxt 8 milyon nəfər idi, onların bir milyonu
yurd-yuvasından didərgin düşmüşdü.
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdışı Azərbaycanın həyatında yeni bir mərhələnin
başlanğıcı oldu. Azərbaycanın müstəqilliyinin, bir dövlət olaraq
varlığının itirilməsinin qarşısı qətiyyətlə alındı. Ümummilli
Liderin düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində
1994-cü il 12 may tarixində Ermənistanla atəşkəs sazişinin
imzalanması ölkədə sabitliyin yaradılması ilə yanaşı, bütün
sahələrdə uğurlu addımların atılmasını şərtləndirdi. İqtisadi
tərəqqi bütün sahələrdə, o cümlədən müstəqilliyimizin və
suverenliyimizin qarantı olan ordu quruculuğu istiqamətində zəruri
addımların atılmasını təmin etdi. Dövlətimizin başçısı İlham Əliyev
sözügedən müsahibəsində bu məqamlara diqqəti yönəltdi ki, Birinci
Qarabağ müharibəsi 1994-cü ildə atəşkəslə başa çatdı və biz 2020-ci
ilə qədər davam edən sonsuz və gördüyümüz kimi, mənasız danışıqlar
prosesində iştirak etdik. Bu proses 2020-ci ilədək davam etdi.
2020-ci ildə isə İkinci Qarabağ müharibəsi başladı və biz
beynəlxalq səviyyədə tanınmış ərazilərimizi azad etdik.
Trend
xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar
Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, tarixi Zəfərimizdən sonrakı dövrün
mühüm reallıqlarından biri Azərbaycanın regionda dayanıqlı sülhün
təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması
məqsədilə sülh müqaviləsinin imzalanmasını təklif etməsi və ona
nail olmaq istiqamətində addımların atılmasıdır. Qeyd olunan
müsahibədə də vurğulandığı kimi, Azərbaycan danışıqlar formatının
təşəbbüskarı oldu. Sülh sazişinin layihəsini təqdim etdi. Avqustun
8-də Vaşinqtonda paraflanmış sənəd Ermənistan-Azərbaycan
münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu
barədə Azərbaycanın baxışına əsaslanır. Danışıqlar bir neçə il
davam etdi, nəhayət, Vaşinqtonda Prezident Trampın və onun
komandasının böyük dəstəyi ilə başa çatdı. Formal olaraq sülh
sazişinin imzalanmamasının bir xüsusi səbəbi var ki, o da
Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də
şübhə altına alan müddəanın mövcudluğudur. Həmin müddəaya
dəyişiklik edildikdən, Azərbaycanın ərazi bütövlüyünə qarşı
iddialar onların konstitusiyasından çıxarıldıqdan sonra formal sülh
sazişi də imzalanacaq. Reallıq budur ki, Azərbaycan və Ermənistanın
Ağ Evdə Prezident Trampın iştirakı ilə bu sənədi paraflaması
müharibənin başa çatdığını göstərir. Bu, mərhələlərlə 30 ildən
artıq davam edən müharibənin sonudur və həm Cənubi Qafqaz regionu,
həm də daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün tamamilə
yeni imkanlar açır.
Vüqar Rəhimzadə müsahibədə xüsusi vurğulanan ədalətsiz 907-ci
düzəlişin ləğvinə, ATƏT-in Minsk qrupunun fəaliyyətini
dayandırmasına, əgər Ermənistanda hər hansı daxili siyasi
dəyişiklik baş verərsə, bunun sülh razılaşmasına xələl
gətirib-gətirməyəcəyinə diqqəti yönəltdi. Prezident İlham Əliyev
qeyd etdi ki, bu, yalnız ABŞ-a aid deyil, beynəlxalq ictimaiyyət,
Avropa İttifaqı, Türkiyə və ərəb ölkələrindəki dostlarımız da bu
prosesi dəstəklədilər. Bütün beynəlxalq ictimaiyyət bu hadisəni
müsbət qarşıladı və razılaşmanı pozmaq bütün dünyaya qarşı çıxmaq
deməkdir. Vaşinqtonda imzalanan sənəd Ermənistan üçün sülhə və
sabit inkişafa zəmanətdir. Əgər Ermənistanın hər hansı gələcək
hökuməti hakimiyyətə gəldiyi vaxtdan asılı olmayaraq, Vaşinqtonda
imzalanan sənədi şübhə altına qoyarsa, Ermənistan ciddi
çətinliklərlə üzləşəcək. Çünki regiondakı güc balansı hər baxımdan
tamamilə Azərbaycanın xeyrinədir. Vaşinqtonda imzalanan sənədin
əhəmiyyəti ondan ibarətdir ki, hər iki tərəf bir-birinin ərazi
bütövlüyünü tanıyır və gələcək təmaslarını beynəlxalq hüququn bu
fundamental tezisi əsasında planlaşdıracaq. Əgər Ermənistan bizim
ərazi bütövlüyümüzü tanımaqdan imtina edərsə, Azərbaycan da onların
ərazi bütövlüyünü tanımaqdan imtina edəcək.
Minsk qrupunun ləğvi məsələsi tarixi Zəfərimizdən sonrakı dövrün
əsas çağırışlarındandır. Uğursuz Minsk qrupu 1992-ci ildə hazırda
tarixə qovuşan Qarabağ münaqişəsinin həllində vasitəçilik
missiyasını yerinə yetirmək məqsədilə yaradılıb. Ermənistan rəsmi
şəkildə Qarabağı Azərbaycanın hissəsi kimi tanıdığını və
münaqişənin başa çatdığını bildirdiyi halda, Minsk qrupunun hüquqi
mövcudluğu absurddur. Vaşinqton görüşündə ABŞ Prezidenti Donald
Trampın ədalətsiz 907-ci düzəlişin fəaliyyətinin dayandırılması ilə
bağlı qərarı onun bir daha ədalətin, beynəlxalq hüququn yanında
olduğunu təsdiqlədi. Prezident İlham Əliyev müsahibəsində bu
reallığı xüsusi qeyd etdi ki, Donald Tramp bir neçə ay ərzində
Afrikada, Asiyada, Cənubi Qafqazda möcüzə yaradıb. Bu, onun
xarakteridir, bu, onun təbiətidir.
Milli Məclisin deputatı müsahibədə dövlət başçısı İlham Əliyevin
diqqət yönəltdiyi məsələlər sırasında Azərbaycanın tolerant,
multikultural dəyərlərin inkişafına verdiyi töhfələrdən də bəhs
edərək bildirib ki, ölkəmizdə bütün xalqların, millətlərin
nümayəndələri sülh, dostluq şəraitində yaşayır. Azərbaycan
cəmiyyətində bütün təriqətlərdən olan müsəlmanlar bir ailə kimi
yaşayırlar. İslamın müxtəlif qolları arasında heç bir ayrı-seçkilik
olmayıb. Təkcə müsəlmanlar deyil, Azərbaycanda digər dinlərin
nümayəndələri də özlərini eyni cür hiss edirlər. Azərbaycan şiə və
sünni müsəlmanların eyni vaxtda eyni məsciddə ibadət etdikləri az
sayda ölkələrdən biridir. Müsəlman dünyası üçün ən böyük təhlükə
təriqətlərə ayrılmaqdır. Prezident İlham Əliyev bildirdi ki,
istənilən xarici müdaxilədən tamamilə azadıq. Çünki biz təkcə
dəyərlərimizi təbliğ etmirdik, biz, həmçinin ideoloji cəhətdən
özümüzü istənilən növ müdaxilədən, müsəlmanlar arasında nifrət
toxumu səpmək cəhdlərindən qorumalı idik. Bu, müsəlman dünyasında
yüksək qiymətləndirilir.
Vüqar Rəhimzadə qeyd edib ki, ölkələr arasında əlaqələrin
inkişafında enerji amili əsasdır. Azərbaycan qazının ixrac olunduğu
ünvanların sayı artır. Bir müddət öncə Azərbaycan qazı qardaş
Türkiyənin ərazisi ilə Suriyaya çatdırıldı. Günümüzün reallığı
budur ki, Azərbaycan 10 Avropa ölkəsini qazla təmin edir. Onların
8-i Avropa İttifaqının üzvüdür. Bu ölkələr üçün Azərbaycan qazı
onların enerji təhlükəsizliyində həqiqətən də mühüm rol oynayır və
bu rol artacaq. Dövlətimizin başçısı İlham Əliyev müsahibədə qeyd
etdi ki, təbii ehtiyatlarımızla Yaxın Şərqə daxil olmaq bizim üçün
ilk təcrübədir. Suriyaya qazın həcmini artıra bilərik. Azərbaycan,
həmçinin Ərəb Qaz Kəməri, yaxud başqa mübadilə əməliyyatları
vasitəsilə digər ölkələri qazla təchiz edə bilər.
Millət vəkili dövlət başçısı İlham Əliyevin sözügedən
müsahibəsində hər fikrinin bu günümüz və gələcəyimiz üçün mühüm
çağırış olduğunu bildirib. Sualları ətraflı şəkildə cavablandıran
Prezident İlham Əliyev türk dünyasının birliyinin Azərbaycanın
xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu da
vurğulayıb. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun
artırılması istiqamətində Azərbaycan və qardaş Türkiyənin
göstərdikləri səylər göz qabağındadır. Azərbaycanın təşkilata
sədrlik etdiyi dövrdə həm türk dövlətləri ilə ikitərəfli əlaqələrin
inkişafına, həm də Türk Dövlətləri Təşkilatının beynəlxalq
nüfuzunun artmasına xidmət edən addımları bu ölkələr tərəfindən
yüksək dəyərləndirildi. Prezident İlham Əliyevin bütün dövrlər üçün
aktuallığını qoruyan “Biz birlikdə güclüyük!” çağırışına bu mühüm
reallıq da əlavə edildi ki, bizim ailəmiz türk dünyasıdır. Bizim
siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Artıq
reallığa çevrilməsi qaçılmaz olan Zəngəzur dəhlizi türk dünyasının
birliyini daha da möhkəmləndirəcək. Vaşinqton görüşünün uğurlu
nəticələrindən biri məhz Zəngəzur dəhlizinin reallaşmasına xidmət
edən addımın atılması oldu. Prezident İlham Əliyevin müsahibəsində
vurğuladığı kimi, Prezident Donald Tramp Zəngəzur dəhlizinə öz
adını verdikdən sonra əminəm ki, bu layihə çox yaxın zamanda
reallaşacaq. Zəngəzur dəhlizi təkcə Şərq-Qərb deyil, həm də
Şimal-Cənub nəqliyyat dəhlizi olacaq. Bütün region üçün hamının
udacağı vəziyyət yaranacaq və heç kim bundan itirməyəcək.
Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin
Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində
səsləndirdiyi fikirlər, verdiyi mesajlar bir daha Azərbaycanın
qalib, qüdrətli, hər zaman qətiyyətli, prinsipial və beynəlxalq
hüquqa əsaslanan mövqeyi olan, dünyada nüfuzlu, söz sahibi olan
dövlətlərdən biri olduğunun təsdiqidir.