Azərbaycan-Braziliya Birgə İşçi Qrupunun iclasının tarixi məlum olub

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 1-də Braziliyada Azərbaycan və Braziliya arasında
Ticarət və İnvestisiya Əməkdaşlığı üzrə Birgə İşçi Qrupunun iclası
keçiriləcək.

Bu barədə Trend İqtisadiyyat Nazirliyinə istinadən xəbər
verir.

Belə ki, iqtisadiyyat nazirinin birinci müavini, Azərbaycan
Respublikası Hökuməti və Braziliya Federativ Respublikası Hökuməti
arasında Ticarət və İnvestisiya Əməkdaşlığı üzrə Birgə İşçi
Qrupunun həmsədri Elnur Əliyev Braziliyanın Azərbaycandakı səfiri
Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz ilə görüşüb.

Görüşdə vurğulanıb ki, qarşılıqlı səfərlər, imzalanan sənədlər
ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. Həmçinin,
ilk iclası bu ilin 1 sentyabrında Braziliyada keçiriləcək
Azərbaycan-Braziliya Birgə İşçi Qrupu işbirliyi üçün önəmli
mexanizmdir.




Braziliya ilə ticarət və investisiya münasibətlərinin mövcud
potensiala uyğun gücləndirilməsinin önəmi qeyd olunub. Bununla
yanaşı, ölkələrimiz arasında tərəfdaşlıqda kənd təsərrüfatı,
nəqliyyat, təhsil və texnologiya, turizm sahələri əsas prioritetlər
kimi diqqətə çatdırılıb.

Ölkəmizdə yaradılmış əlverişli işgüzar mühit, investorlar üçün
yaradılan imkanlar haqqında məlumat verilib, braziliyalı
sərmayədarlar fəal əməkdaşlığa dəvət olunub.

Tərəflər əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf
etdirilməsi barədə müzakirə aparıblar.