
Bakı. Trend:
Ölkədə elektrik çatışmazlığı səbəbi ilə İranın elektrik ixracı,
demək olar ki, sıfıra enib.
Trend-in
məlumatına görə, bunu İranın TAVANIR şirkətinin icra direktoru
Mustafa Rəcəbi Məşhədi bu gün Tehranda jurnalistlərə verdiyi
açıqlamada deyib.
Onun sözlərinə görə, hazırda ölkənin su elektrik stansiyalarının
elektrik istehsalı minimal səviyyədədir. Cari ayın 6 günündə su
elektrik stansiyasında elektrik istehsalı 30 min meqavatt təşkil
edib. Halbuki ötən ayda (23 iyul-22 avqust) su elektrik
stansiyalarının elektrik istehsalı 95 min meqavatt təşkil edib.
Rəcəbi Məşhədi qeyd edib ki, su anbarlarında tədrici şəkildə su
azaldığı üçün elektrik istehsalı da azalır. Hazırda “Karun 3” və
“Karun 4” Su Elektrik Stansiyalarının fəaliyyəti dayandırılıb. Bu
da ölkədə elektrik çatımazlığını daha da kəskinləşdirib.
Əlavə edək ki, bundan öncə İranın TAVANIR Şirkətinin icra
direktorunun müavini Məhəmməd Allahdad bildirib ki, İranın elektrik
idxalı elektrik ixracından 5 dəfə çoxdur. Belə ki, təkcə 12
avqustda İran təxminən 400 meqavatt elektrik idxal edib, 80
meqavatt elektrik ixrac edib.