
Ağdamda azyaşlıların döyülməsi faktı araşdırılır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Metbuat.az-a bildirilib ki, Ağdam rayonunun Xındırıstan kəndində iki azyaşlı uşağın (2 və 3 yaş) valideynləri tərəfindən döyülməsi faktı ilə bağlı aidiyyəti qurumlarla birgə əsaslı araşdırma aparılır.
Hadisə nəticəsində hər iki uşaq ilkin olaraq Ağdam Rayon Xəstəxanasına yerləşdirilmiş, bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozu qoyulmuşdur. Onlara zəruri tibbi xidmət göstərilmişdir.
Uşaqlardan birinin (3 yaşlı uşaq) vəziyyətinin ağır olması səbəbindən Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyəsi təmin olunmuşdur. Həkimlər tərəfindən subdural hematomanın boşaldılması və dekompressiv kraniotomiya əməliyyatı icra olunmuş, hazırda onun müalicəsi davam etdirilir və vəziyyəti ağır olaraq qalır.
Dövlət Komitəsi hadisəni xüsusi nəzarətə götürüb. Faktla bağlı uşaqların valideynləri təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar. Hazırda Dövlət Komitəsi və aidiyyəti qurumlar tərəfindən valideynlərin Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən valideynlik hüquqlarından məhrum edilməsi məsələsinə baxılır.