
Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə
5,792 milyard kubmetr təbii qaz ixrac edilib.
Bu barədə Trend Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumuna
(Enerji Piyasası Düzenleme Kurumu – EPDK) istinadən xəbər
verir.
Məlumata görə, bu göstərici 2024-cü ilin ilk 6 ayı ilə
müqayisədə 1,96% çoxdur.
Bu ilin iyun ayında isə Azərbaycandan Türkiyəyə ümumilikdə 1,019
milyard kubmetr təbii qaz ixrac edilib ki, bu da 2024-cü ilin eyni
ayı ilə müqayisədə 22,88 milyon kubmetr və ya 2,29% çoxdur.
Bununla da hesabat ayında Azərbaycan Türkiyəyə təbii qaz ixrac
edən ölkələr sırasında ilk pillədə qərarlaşıb. Belə ki, Türkiyənin
ümumilikdə idxal etdiyi təbii qazın 32,19%-i Azərbaycanın payına
düşüb.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil
edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru
Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri
(TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır.
Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci
ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının
nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.