
Bakı. Trend:
Prezidentin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi dövlətimizin
iqtisadi-siyasi və hərbi qüdrətinin təntənəsidir.
Bunu Trend-ə açıqlamasında Müharibə, Əmək və Silahlı
Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov
bildirib.
Polkovnik qeyd edib ki, dövlət başçısı müsahibəsində yaxın tarix
keçmişimizə diqqət çəkməklə yanaşı, ölkəmizin mövcud durumu və
gələcəklə bağlı planlarına da aydınlıq gətirib, hər zamankı kimi
şəffaf və birmənalı mövqe ortaya qoyub:
“Dövlət başçısı məlum müsahibəsində bir çox vacib məsələyə
toxundu ki, bunlardan biri 8 avqust Vaşinqton razılaşması idi.
Prezidentimiz bu razılaşmanı Cənubi Qafqazda müharibə və gərginlik
dönəminin sonu kimi dəyərləndirdi və bildirdi ki, sülhün əldə
edilməsi sadəcə Azərbaycan və Ermənistanın deyil, bütün regionun
maraq və mənafeyinə uyğundur.
Bununla yanaşı ,dövlət başçısı mümkün risk və ehtimalları da
dəyərləndirdi. Vurğuladı ki, Azərbaycan 44 günlük Vətən
müharibəsində Ermənistan ordusu üzərində parlaq qələbə qazanıb və
öz hərbi üstünlüyünü bu gün də davam etdirməkdədir. Azərbaycanın
iqtisadi müstəvidə öz potensialını sürətlə genişləndirməsi,
beynəlxalq iqtisadi sistemə daha dərindən intqerasiyası da
Prezidentin çıxışında diqqət çəkən məqamlar sırasında idi”.
Polkovnik Cəlil Xəlilov Prezidentin Minsk qrupu və Zəngəzur
dəhlizi ilə bağlı fikirlərinin da cəmiyyətdə böyük məmnunluqla
qarşılandığını qeyd edib:
“Dövlət başçısı müsahibəsində Minsk qrupunun ləğvi ilə bağlı
məsələnin də 8 avqust razılaşmasında öz əksini tapdığını vurğuladı.
Eyni zamanda, bu qurumun qeyri-məhsuldar fəaliyyətinə diqqət
çəkdi.
Yaxın keçmişə nəzər salsaq görərik ki, Minsk qrupu həqiqətən də
işğal probleminin həllində heç bir faydalı rol oynamayıb. Əksinə,
problemin daha da mürəkkəbləşməsinə səbəb olub. 44 günlük Vətən
müharibəsindən sonra isə işğal faktı ortadan qalxıb ki, bu da Minsk
qrupunu tamamilə gərəksiz edib. Buna görə də Minsk qrupunun ləğvi
tarixi zərurətə çevrilib və bu zərurət 8 avqust razılaşmasında öz
əksini tapıb.
Zəngəzur dəhlizi və bu dəhlizin region dövlətləri üçün
əhəmiyyəti ilə bağlı dövlət başçısının səsləndirdiyi fikirlər də
cəmiyyətimizdə böyük sevinc və məmnunluqla qarşılandı. Cənab İlham
Əliyev Zəngəzur dəhlizinin açılmasını təmin etməklə göstərdi ki,
Azərbaycan dövləti hərbi, siyasi və iqtisadi baxımdan qarşıya
qoyduğu hər bir məqsədə çatır və bundan sonra da öz yoluna eyni
qətiyyətlə davam edəcək”.
Təşkilat sədri Prezidentin Azərbaycan-Rusiya münasibətləri ilə
bağlı səsləndirdiyi fikirlərin də xalqımızın arzu və maraqlarını
ifadə etdiyini bildirib:
“Cənab Prezident “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində
Azərbaycan-Rusiya münasibətlərinə və bu münasibətlərdəki mövcud
gərginliyə də toxundu. Dövlət başçısı “AZAL” təyyarəsinin vurulması
ilə bağlı Rusiya tərəfindən hələ də ciddi bir hərəkətliliyin
olmamasını təəssüf hissi ilə qeyd etdi. Buna paralel olaraq,
2020-ci lin 9 noyabr tarixində – Vətən müharibəsi zamanı vurulan
rus helikopteri ilə bağlı Azərbaycan tərəfinin atdığı adekvat
addımları xatırlatdı. Dövlət başçısı bildirdi ki, Azərbaycan həmin
vaxt dərhal Rusiya tərəfinə üzrxahlıq etdi, həlak olan pilotların
ailəsinə və Müdafiə Nazirliyinə təzminat ödədi. Dövlət başçısı
bildirdi ki, bu gün Azərbaycan da Rusiyadan eyni həssaslıq və
ehtiramı gözləyir. Bununla yanaşı, dövlət başçısı qeyd etdi ki,
Azərbaycan Rusiya ilə münasibətləri gərginləşdirmək istəmir və heç
vaxt da belə bir istəyi olmayıb.
Bir sözlə, Prezidentimiz “Əl-Ərəbiyyə” telekanalına
müsahibəsində Azərbaycan dövlətinin xarici siyasətinin mahiyyətini
aydın, şəffaf və dəqiq konturlarla bütün dünyanın diqqətinə
çatdırdı. Müsahibə əsnasında qeyd etdi ki, Azərbaycan sülhpərvər
dövlətdir və onun məqsədi regional sabitliyə və tərəqqiyə nail
olmaqdır. 8 avqust Vaşinqton razılaşması göstərdi ki, Azərbaycan bu
yolda qətiyyətlə addımlamaqda, bəşəriyyətin bütün sülhpərvər
qüvvələri tərəfindən təqdir edilməkdə, dəstəklənməkdədir”.