STAR neft emalı zavodu iyunda neft idxalını artırıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan və
Türkiyədə yerləşən STAR Neft Emalı Zavodu 2025-ci ilin iyun ayında
891 976 ton xam neft idxal edib. Bu göstərici 2024-cü ilin iyun ayı
ilə (973 110 ton) müqayisədə 29 623 ton və ya 3,4 faiz artım
deməkdir.

Bu barədə Trend Türkiyənin Enerji Bazarlarını Tənzimləmə
İdarəsinin (EPDK) məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, qeyd olunan dövrdə zavod təxminən 527 978 ton
dizel yanacağı istehsal edib.




İstehsalat, həmçinin, 178 721 ton aviasiya yanacağı, 133 963 ton
nafta və 58 583 ton neft koksu istehsalını əhatə edib. Bundan
əlavə, zavodda 28 529 ton mayeləşdirilmiş neft qazı (LPG) və 26 502
tona yaxın yüksək kükürdlü dizel yanacağı da istehsal olunub.

Onu da qeyd edək ki, “STAR” Neft Emalı Zavodu 2018-ci il
oktyabrın 19-da fəaliyyətə başlayıb. Zavod neft emalı ilə
neft-kimya sənayesinin inteqrasiyasını təmin edir və Türkiyə
iqtisadiyyatının real sektorunda ən böyük investisiya
layihəsidir.

2024-cü ilin sonundan etibarən zavodun illik xam neft emalı gücü
13 milyon tona çatıb. STAR zavodu dizel, nafta və aviasiya yanacağı
daxil olmaqla, müxtəlif neft məhsulları istehsal edir. Zavodun
illik nafta istehsalı, demək olar ki, Petkim neft-kimya
kompleksinin xammal tələbatını tam şəkildə qarşılayır.