
Bakı. Trend:
Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti
Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə
Vaşinqtonda baş tutan görüş regionda sülh və sabitliyin qurulması
baxımından mühüm əhəmiyyət daşıyır. Bu formatda keçirilən yüksək
səviyyəli görüş Cənubi Qafqazda uzun müddət davam etmiş münaqişənin
diplomatik yolla həlli istiqamətində yeni mərhələnin başlandığını
göstərir.
Bunu Trend-ə
açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova
bildirib.
S.Mikayılova qeyd edib ki, görüşün ABŞ Prezidenti Donald Trampın
iştirakı ilə keçirilməsi Vaşinqtonun regiondakı sabitliyə verdiyi
önəmi və münaqişənin nizama salınmasında aktiv rol almağa hazır
olduğunu nümayiş etdirir.
“Bu, eyni zamanda, ABŞ-nin vasitəçilik missiyasının və
beynəlxalq hüquqa əsaslanan sülh təşəbbüslərinin gücləndirilməsi
baxımından da diqqətəlayiqdir. Prezident İlham Əliyevin bu görüşdə
iştirak etməsi Azərbaycanın diplomatik təşəbbüslərə açıq, sülhə
sadiq və regional əməkdaşlığın tərəfdarı olduğunu bir daha
təsdiqləyir. Ermənistan Baş naziri Nikol Paşinyanın da görüşdə
iştirakı iki ölkə arasında birbaşa dialoqun davam etdirilməsi və
mümkün razılaşmalar üçün şəraitin yaranması baxımından vacib
addımdır.
S.Mikayılova əlavə edib ki, bu görüş həm də post-münaqişə
dövründə tərəflər arasında inam mühitinin yaradılması, kompromis
əsaslı həll yollarının tapılması və gələcək sülh müqaviləsinin
konturlarının müəyyənləşdirilməsi baxımından ciddi əhəmiyyət kəsb
edir:
“Yekun olaraq, avqustun 8-də keçirilmiş üçtərəfli görüş təkcə
Azərbaycan-Ermənistan münasibətləri deyil, ümumilikdə Cənubi Qafqaz
regionu üçün strateji bir dönüş nöqtəsi kimi qiymətləndirilə bilər.
Görüş, eyni zamanda, beynəlxalq ictimaiyyətin regionda davamlı sülh
və əməkdaşlıq istiqamətində artan marağını və səylərini əks
etdirir.
Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi
müsahibədə də Vaşinqtonda baş tutan görüş və digər mühüm məsələlərə
toxunub ki, bunlar həm regional, həm də beynəlxalq miqyasda
əhəmiyyət daşıyır”.
S.Mikayılova vurğulayıb ki, Vaşinqton görüşü qarşıdurmanın və
gərginliyin sonu kimi qiymətləndirilir:
“Bu, çox güman ki, Azərbaycan-Ermənistan münasibətlərində yeni
bir mərhələnin başlanğıcıdır və diplomatik müstəvidə
irəliləyişlərin əldə olunduğunu göstərir. Prezident İlham Əliyevin
bu cür qiymətləndirməsi Azərbaycanın diplomatik həll yolunu
dəstəklədiyini və post-münaqişə dövründə sülh quruculuğu
istiqamətində addımlar atdığını nümayiş etdirir”.
S.Mikayılova qeyd edib ki, müsahibədə Ermənistanla münaqişənin
1990-cı illərin əvvəllərindən bəri davam etdiyini vurğulanır.
“Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi, bir
milyondan çox qaçqın və məcburi köçkünün yaranması ölkənin
üzləşdiyi ciddi humanitar və milli təhlükəsizlik problemlərinə
diqqət çəkir. Bu statistika Azərbaycanın beynəlxalq ictimaiyyət
qarşısında münaqişənin ədalətli həlli ilə bağlı arqumentlərini
əsaslandırır. 1994-cü ildən etibarən atəşkəs rejiminə baxmayaraq,
danışıqlar prosesinin nəticəsiz qalması və Ermənistanın
qeyri-konstruktiv mövqeyi Azərbaycanın səbrini tükətmişdi.
Prezidentin sözlərindən aydın olur ki, 2020-ci ildə baş vermiş
İkinci Qarabağ müharibəsi Azərbaycan üçün artıq diplomatik yolların
tükəndiyi bir mərhələdə yeganə çıxış yolu kimi qəbul edilmişdi. Bu
müharibə nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü hərbi və
siyasi vasitələrlə bərpa etdi.Prezident İlham Əliyev “beynəlxalq
səviyyədə tanınmış ərazilərimizi azad etdik” fikri ilə Azərbaycanın
atdığı addımların beynəlxalq hüquqa əsaslandığını vurğulayır. Bu,
Azərbaycanın öz ərazi bütövlüyünü qorumaq üçün gördüyü tədbirlərin
legitimliyini və ədalətə əsaslandığını göstərir”.
Deputat bildirib ki, Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə”
telekanalına verdiyi müsahibəsində toxunduğu məqamlar həm regional
təhlükəsizlik, həm də beynəlxalq hüququn tətbiqi baxımından
əhəmiyyətlidir.
“Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni
geosiyasi reallıq və bu reallığın sülh istiqamətində necə
formalaşdığına dair yanaşma diqqətçəkicidir. 2020-ci ildə baş tutan
44 günlük Vətən müharibəsi, Azərbaycanın beynəlxalq hüquqa
əsaslanaraq, öz ərazi bütövlüyünü hərbi-siyasi vasitələrlə bərpa
etdiyi bir dönüş nöqtəsi oldu. Məhz bu nailiyyət Azərbaycanı
regionda güc balansını dəyişdirən və sülh gündəliyini müəyyən edən
əsas aktora çevirdi. Müharibədən sonra yaranan hüquqi və diplomatik
boşluq şəraitində Azərbaycanın təşəbbüs göstərməsi və sülh
danışıqları üçün format təklif etməsi ölkənin məsuliyyətli və
konstruktiv mövqeyini göstərdi. Azərbaycan sülh sazişinin
layihəsini təqdim etməklə yanaşı, danışıqların əsas konturlarını da
özü müəyyənləşdirdi. Prezident İlham Əliyevi qeyd etdiyi kimi,
Vaşinqtonda paraflanmış sənəd Azərbaycanın baxışını əks etdirir və
bu, ölkənin diplomatik uğuru kimi dəyərləndirilə bilər.
Deputat qeyd edib ki, Vaşinqtonda Prezident Trampın iştirakı ilə
sənədin paraflanması, əslində, faktiki sülhün əldə olunduğunu
göstərir.
“Lakin hələ formal sülh sazişi imzalanmayıb və bunun əsas səbəbi
Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü şübhə
altına alan müddəaların mövcudluğudur. Bu məsələ aradan
qaldırıldıqdan sonra tam hüquqi sülh sazişinin də imzalanacağı
gözlənilir. Müsahibənin ən önəmli mesajlarından biri də budur: 30
ildən artıq davam edən münaqişə dövrü başa çatır və bu, Cənubi
Qafqazda və ətraf regionlarda yeni əməkdaşlıq imkanları yaradır.
Sülh yalnız iki dövlətin maraqları baxımından deyil, həm də Mərkəzi
Asiya, Yaxın Şərq və Avropa arasında strateji kommunikasiyaların
inkişafı baxımından əhəmiyyətlidir.
Azərbaycan post-müharibə dövründə təkcə hərbi qalib deyil, həm
də sülhün və əməkdaşlığın təşəbbüskarı kimi çıxış edir. Bu,
Azərbaycanın beynəlxalq mövqeyini gücləndirməklə yanaşı, regionda
uzunmüddətli sabitliyin əsasını qoyur. Ermənistandan isə gözlənilən
yeganə addım konstitusion dəyişikliyi ilə ərazi iddialarına rəsmən
son qoymaqdır. Bu, baş verdikdən sonra rəsmi sülh müqaviləsi də
reallaşacaq və tarixə düşən münaqişə dövrü rəsmi olaraq bağlanacaq.
Hər hansı daxili siyasi dəyişiklik istər konstitusiya islahatı,
istərsə də qarşıdakı parlament seçkiləri Ermənistanın bu sənəddən
imtina etməsi üçün əsas ola bilməz. Mesaj aydındır. İmzalanmış
sənədə sadiq qalmaq həm regionda sülhün, həm də Ermənistanın öz
gələcəyinin təminatıdır. Əks halda, Ermənistan tək qalacaq və bu,
onun üçün ciddi siyasi və diplomatik nəticələr doğura bilər.
Bununla yanaşı, Vaşinqtonda imzalanan sənədin şübhə altına alınması
və ya ərazi iddialarının yenidən gündəmə gətirilməsi halında
Ermənistan ciddi nəticələrlə qarşılaşacaq. Çünki bu gün regionda
siyasi, hərbi və iqtisadi güc balansı Azərbaycanın xeyrinədir”.
S.Mikayılova qeyd edib ki, Azərbaycan diplomatiyasının
uğurlarından biri də Minsk qrupunun rəsmi olaraq hüquqi süqut
mərhələsinə qədəm qoymasıdır.
“Minsk qrupunun missiyasının artıq bitdiyi və onun
saxlanılmasının siyasi baxımdan mənasız olduğu vurğulanır. Qarabağ
münaqişəsinin bitdiyi, Ermənistanın da bunu qəbul etdiyi bir
şəraitdə bu strukturun ləğvi tam məntiqli və zəruri addım kimi
təqdim edilir. Bu, Azərbaycanın beynəlxalq təşkilatlarla işləməkdə
nə qədər ardıcıl və məqsədyönlü olduğunu göstərir”.
S.Mikayılova qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanın
iki yerə bölünməsinin tarixi köklərinə də toxunur:
“Belə ki, Zəngəzurun 1920-ci ildə Azərbaycandan qoparılaraq
Ermənistana verilməsinin necə tarixi ədalətsizliyə səbəb olduğunu
izah edir. Bu bölünmə nəticəsində Naxçıvan Azərbaycanın əsas
hissəsindən təcrid olunmuş vəziyyətə düşüb. Bu fakt hazırda
Zəngəzur dəhlizi ilə bağlı tələblərin və planların hüquqi və tarixi
əsasını təşkil edir. Sovet dövründə sərhədlərin olmaması bu
problemi hiss etdirmirdi, lakin Ermənistanın təcavüzkar siyasəti
nəticəsində əlaqələr tam kəsilib. Prezident İlham Əliyevin bu
fikirləri, Azərbaycanın geosiyasi mövqeyi, strateji səbr siyasəti
və regional nəqliyyat əlaqələrinin bərpası ilə bağlı prinsipial
mövqeyini aydın şəkildə ifadə edir. Ölkəmiz üçün ən önəmli
məsələlərdən biri də Naxçıvanla birbaşa quru bağlantısı qumaqdır.
Bu da Zəngəzur dəhlizi vasitəsilə mümkündür. 2020-ci ildə İkinci
Qarabağ müharibəsində əldə edilən qələbədən sonra Azərbaycan, hərbi
üstünlük şəraitində olmasına baxmayaraq, zor tətbiq etmədən
Zəngəzur dəhlizi məsələsini diplomatik yolla həll etməyə çalışdı.
Görünən odur ki, tezliklə buna nail olunacaq”.
S.Mikayılova əlavə edib ki, Ermənistanın illərlə konstruktiv
mövqe nümayiş etdirməməsi fonunda, ABŞ-nin vasitəçiliyi və
Prezident Trampın təşəbbüsü ilə irəli sürülən TRIPP marşrutu –
“Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” bu məsələyə beynəlxalq
legitimlik qazandırdı:
“Azərbaycanın əsas tələbi isə tam haqlıdır: dəhliz yalnız
Ermənistanın deyil, beynəlxalq tərəfdaşların da təhlükəsizlik
zəmanəti altında fəaliyyətə başlamalıdır. Bu, həm sərnişinlərin,
həm də yük daşımalarının təhlükəsizliyi üçün vacibdir. Azərbaycan
artıq dəmir yolu və magistral yol tikintisini Ermənistan
sərhədinədək çatdırmaq üzrədir. Bu da göstərir ki, Azərbaycan bu
layihəyə ciddi hazırlaşıb və texniki imkanlara sahibdir. Əgər
siyasi razılıq əldə olunarsa, Zəngəzur dəhlizinin tikintisini çox
qısa müddətdə başa çatdırmaq Azərbaycanın gücündədir. Bu çıxış
Azərbaycanın gücünü nümayiş etdirməklə yanaşı, onun məsuliyyətli və
uzaqgörən regional siyasət apardığını göstərir. Zəngəzur dəhlizi
təkcə Azərbaycan üçün deyil, bütün region üçün mühüm strateji və
iqtisadi əhəmiyyət daşıyır”.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin İranla
münasibətlərə dair fikirləri Azərbaycan-İran əlaqələrinin nə qədər
səmimi və strateji əsasda qurulduğunu göstərir.
“İki ölkə rəhbərliyi arasında şəxsi və işgüzar münasibətlər
güclüdür, bu da əməkdaşlığın inkişafı üçün mühüm amildir. İranla
bağlı səsləndirilən fikirlər Azərbaycanın qonşu ölkələrlə, xüsusən
İranla əlaqələrində hörmət və etimad mühitini qorumağa üstünlük
verdiyini, həmçinin, regional sabitlik və inkişaf üçün dialoqu əsas
tutduğunu açıq şəkildə nümayiş etdirir. Eyni zamanda, qarşılıqlı
narahatlıqları azaltmaq və yalan məlumatların qarşısını almaq üçün
açıq və şəffaf kommunikasiya strategiyasının vacibliyini
vurğulayır. Azərbaycanın gücünü və haqlı mövqeyini açıq şəkildə
göstərir. O, Azərbaycanın işğalçı olmadığını, əksinə, torpaqlarını
azad edən ədalətli bir dövlət olduğunu bir daha təsdiqləyir. Eyni
zamanda, Ermənistan-İran sərhədini kəsməklə bağlı yayılan əsassız
söz-söhbətlərin yersizliyini vurğulayır”.
S.Mikayılova vurğulayıb ki, Prezident İlham Əliyev Zəngəzur
dəhlizinin regional nəqliyyat sistemindəki strateji rolunu və
Şimal-Cənub dəhlizi ilə qarşılıqlı tamamlayıcılığını izah edir.
“Zəngəzur dəhlizinin yalnız Azərbaycanın deyil, bütün regionun
maraqlarına xidmət edəcəyini vurğulayır. Bu dəhliz vasitəsilə
Şimali Avropadan başlayaraq Rusiyanı, Azərbaycanı, Ermənistandan
keçməklə Naxçıvana və İrana bağlayan yeni nəqliyyat marşrutu
yaradılacaq. Bu da regional əməkdaşlıq və iqtisadi inkişaf üçün
önəmli addımdır”.
S.Mikayılova qeyd edib ki, müsahibədə mülki təyyarənin Rusiyanın
hava hücumundan müdafiə sistemi tərəfindən vurulması hadisəsi ilə
bağlı məyusluq və təəssüf ifadə olunur.
“Prezident İlham Əliyev hadisənin baş verməməli olduğunu,
pilotların peşəkarlığı sayəsində faciənin daha böyük olmadığını
vurğulayır. Bu, həm regionda, həm də beynəlxalq münasibətlərdə
diqqət tələb edən ciddi insident kimi qiymətləndirilir. Rusiyanın
Azərbaycana qarşı münasibətində ortaya çıxan ciddi problemləri və
gərginlikləri nümunələrlə izah edir. Xüsusilə İkinci Qarabağ
müharibəsinin son günündə təsadüfi vurulan rus helikopteri
hadisəsinə görə Azərbaycan tərəfindən göstərilən məsuliyyətli və
səmimi addımlara (üzrxahlıq, təzminat və istintaq) qarşılıq
Rusiyanın eyni şəkildə reaksiya verməməsi vurğulanır. Bundan əlavə,
Rusiyada azərbaycanlılara qarşı baş verən hücumlar və ayrı-seçkilik
hallarına diqqət çəkilir ki, bu da iki ölkə arasındakı
münasibətlərin gərginləşməsində Azərbaycana aid olmayan amil kimi
təqdim olunur. Prezident qeyd edir ki, Azərbaycan münasibətləri
pozmaq istəmir, lakin öz xalqına qarşı ədalətsizliyə, təcavüzə və
hörmətsizliyə dözməyəcək”.
S.Mikayılova vurğulayıb ki, Prezident İlham Əliyev Trampla
arasında formalaşmış şəxsi münasibətlərin və qarşılıqlı etimadın
yüksək səviyyəsini ifadə edib.
“Bu cür münasibətlər dövlətlərarası əlaqələrdə qarşılıqlı
anlaşmanın və əməkdaşlığın möhkəmlənməsinə müsbət təsir göstərir.
Liderlər arasında dostluq münasibəti həm də strateji məsələlərin
daha çevik və etimadlı şəkildə həllinə şərait yaradır, xüsusilə də
regional və beynəlxalq səviyyədə vacib təşəbbüslərin
irəlilədilməsində mühüm rol oynayır”, – deyə deputat qeyd edib.