
Bakı. Trend:
Bu ilin iyun ayında Azərbaycanın Dövlət Neft Şirkətinə (SOCAR)
məxsus olan, Türkiyədə yerləşən STAR neft emalı zavodu təqribən 28
529 ton mayeləşdirilmiş neft qazı (LPG) istehsal edib.
Trend bu
barədə Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi Qurumunun
(EPDK) məlumatlarına istinadən xəbər verir.
Bu, 2024-cü ilin iyun ayında istehsal olunmuş 14 068 ton
mayeləşdirilmiş neft qazı (LPG) ilə müqayisədə 20 247 ton və ya 3,4
dəfə çoxdur.
STAR Neft Emalı Zavodu 2025-ci ilin iyun ayında 891 976 ton xam
neft idxal edib. Bu göstərici 2024-cü ilin iyun ayı ilə (973 110
ton) müqayisədə 29 623 ton və ya 3,4 faiz artım deməkdir.
İstehsalat, həmçinin, 178 721 ton aviasiya yanacağı, 133 963 ton
nafta və 58 583 ton neft koksu istehsalını əhatə edib. Bundan
əlavə, zavodda 28 529 ton mayeləşdirilmiş neft qazı (LPG) və 26 502
tona yaxın yüksək kükürdlü dizel yanacağı da istehsal olunub.
Qeyd edək ki, STAR neft emalı zavodu 2018-ci il oktyabrın 19-da
fəaliyyətə başlayıb. O, neft emalı və neft-kimya sənayesinin
inteqrasiyasını təmin edir və Türkiyədə real sektora yatırılan ən
böyük investisiyadır.
2024-cü ilin sonundan zavodun neft emalı gücü ildə 13 milyon
tona çatıb. STAR Neft Emalı Zavodu dizel, nafta, təyyarə yanacağı
da daxil olmaqla müxtəlif neft məhsulları istehsal edir və 2023-cü
ildə Türkiyənin emal olunmuş neft məhsullarına ehtiyacının təxminən
18 faizini ödəyib. İllik nafta istehsalı Petkim neft-kimya
kompleksinin xammala olan tələbatını demək olar ki, tam ödəyir.