İranın nüvə proqramı davam edəcək – Vitse-prezident

Baş səhifə

Bakı. Trend:

Nüvə proqramı İranın elmi inkişafının bir parçasıdır və bu
proqram davam etdiriləcək.

Trend-in
məlumatına görə, bunu İranın vitse-prezidenti və Atom Enerjisi
Təşkilatının sədri Məhəmməd Eslami yerli mediaya açıqlamasında
deyib.

Onun sözlərinə görə, ölkənin nüvə obyektlərinə dəyən ziyana
gəldikdə, təhlükəsizlik şəraitinə görə, onun dəyərləndirilməsi vaxt
tələb edir.

Eslami əlavə edib ki, İrana qarşı 12 günlük hərbi hava hücumları
zamanı nüvə obyektlərinə dəyən ziyan hazırda ekspertlər tərəfindən
dəyərləndirilməkdədir.

İranın vitse-prezidenti qeyd edib ki, Atom Enerjisi üzrə
Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi ilə İran xarici
işlər naziri Seyid Abbas Araqçi arasıdna məsləhətləşmələrə əsasən,
agentlik İran parlamentinin qəbul etdiyi qanun çərçivəsində
fəaliyyətin davam etdirilməsi üçün İranla razılığa gələrsə, bu
zaman İranın Ali Milli Təhlükəsizlik Şurası AEBA ilə əməkdaşlıq
haqda qərar qəbul edəcək.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava
zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli
hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli
rəsmilər ölüb.




Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə
İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə
yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da
mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları
edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv
edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki
hərbi bazasına hava zərbələri endirib.

24 iyunda İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ
prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə
razılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq
hücumların dayandırıldığını qeyd edib.

Qeyd edək ki, 2 iyulda İran prezidenti Məsud Pezeşkian AEBA ilə
əməkdaşlığın dayandırılması üzrə qanunun qüvvəyə minməsinə dair
qərar verib. İran parlamentinin qəbul etdiyi qanuna əsasən, Atom
Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinin yoxlamalar
keçirmək üçün ölkəyə giriş icazəsi yoxdur. Yalnız İranın Ali Milli
Təhlükəsizlik Şurası ölkənin dinc məqsədli nüvə fəaliyyəti və nüvə
mərkəzlərinin təhlükəsizliyinə zəmanət verildiyini təsdiqlədiyi
halda, agentlik müfəttişlərinin ölkəyə girişinə icazə verilə
bilər.