
Bakı.Trend:
Ali məktəblərdə tədrisin başlamasına və tələbələrin rayonlardan
paytaxta axın etməsinə az müddət qalıb. Tələbələrin kirayə mənzil
tapmaq üçün Bakıya gəlməyə başladığı müşahidə olunur.
Bəs kirayə mənzil bazarında vəziyyət
necədir?
Trend-ə
açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev
bildirib ki, son illər əmlak bazarında, xüsusilə Bakıda əmlak
bazarında satış qiymətlərində baş verən artımlar kirayə
qiymətlərinə də öz təsirini göstərir:
“Bir əmlakın kirayə qiyməti onun satış qiymətinin 0.5%-i
nisbətində ölçülür. Təqribən 10 il əvvəl Bakının mərkəz
rayonlarında bir otaqlı evlərin satış qiyməti 60-65 min manat
civarında idisə, hazırda bu rəqəm 90-110 min manat arası dəyişir.
Onların qiyməti artdıqca kirayə haqları da artır. Həmçinin, otaq
sayı artdıqca da kəskin artımlar müşahidə olunur. Digər tərəfdən,
uzun müddətdir paytaxtda söküntü-bərpa işləri gedir.
Paytaxtın mərkəz və mərkəzə yaxın ərazilərində olan köhnə
yaşayış massivlərinin sökülməsi artıq həmin ərazilərdə olan ucuz
kirayə mənzillərin bazardan çıxmasına gətirib çıxarır. Söküntü
prosesləri iki formada aparılır. Bəzi ərazilər dövlət ehtiyacı üçün
alınır. Yəni orada parklar salınır, yollar tikilir. Həmin
ərazilərdə artıq yaşayş binaları mövcud olmur. Digər ərazilərdə
tikinti şirkətləri tərəfindən söküntü aparılır və yerində yeni
tipli binalar inşa olunur. Bu zaman evləri sökülən vətəndaşlar
özləri uzunmüddətli kirayə çıxmalı olurlar. Artıq paytaxt sakinləri
özləri məcburən şəhərdəki mənzilləri uzunmüddətli kirayələməli
olurlar. Nəticə etibarilə sökülən binalardakı evlər kirayə
bazarından çıxır, yerində tikilən binalardakı mənzillərin qiyməti
isə iki dəfəyə qədər baha olur”.
E.Fərzəliyev qeyd edib ki, hazırda bir neçə ildir baş verən
qiymət artımları səbəbindən tələbələrin əksəriyyəti Bakıətrafı
ərazilərə üz tuturlar:
“Bu zaman tələbələr günlərinin 2-3 saatını yola sərf edir, əlavə
yol xərcləri yaranır. Bu problemdən çıxış yolu istifadə edilməyən
tələbə yataqxanalarıdır. Əvvəllər bir çox tələbə yataqxanalarında
məcburi köçkünlər yaşayırdı. Daha sonra onların əksəriyyəti evlə
təmin olundu. Artıq onlar mərhələli şəkildə öz torpaqlarına
köçürlər. Həmin yataqxanalar yaşayış üçün yararsız olsa da, torpaq
sahələri var. Düşünürəm ki, köhnə yataqxanaları sökərək,
çoxmərtəbəli, müasir yataqxanalar tikilərsə, bu, tələbələrin ev
problemini aradan qaldırmış olar. Digər tərəfdən, həmin ali təhsil
müəssisələri üçün də bu, külli miqdarda gəlir gətirər. Çünki
yataqxanalar da ödənişlidir. Hər hansı ali təhsil müəssisələri
istifadə edilməyən yataqxanaları söküb çoxmərtəbəli yataqxana inşa
edərsə, 3-5 il ərzində qoyulan xərc tələbələrin ödənişləri ilə geri
dönmüş olar”.
Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə
Trend-ə bildirib
ki, artıq kirayə mənzil bazarında canlanma başlayıb:
“Çünki ali məktəblərə qəbul nəticələri açıqlanıb, xüsusilə də
birinci kurs tələbələri ev axtarışına çıxırlar. Bu da minlərlə
tələbənin bazara daxil olması deməkdir. Məlum olduğu kimi, kirayə
mənzil bazarının 20%-ə qədərini tələbələr təşkil edir. Bu, artıq
qiymətlərdə özünü göstərir, 50-100 manat artım müşahidə olunur.
Birotaqlı evlər 400, ikiotaqlılar 500 manatdan, üçotaqlılar isə 700
manatdan başlayaraq təklif olunur. Keçən illərdə minimum kirayə
qiymətləri 300 manat idisə, bu il 400 manata çatmaqdadır. Köhnə
mənzil bazarında qiymətlər qeyd etdiyim kimi təklif olunur”.
Ekspert vurğulayıb ki, yeni tikililərdə qiymətlər daha
bahadır:
“Belə tikililərdə kirayə qiymətləri hər kvadratmetrə görə 8
manatdan başlayır. Əsasən, axtarılan evlər isə 100 kvadratmetrə
qədər olanlardır. Daha böyük evlərə isə nadir hallarda müraciət
olunur. Əraziyə görə ən baha qiymətlər metrostansiyaların
yaxınlığında yerləşənlərdir. Ən baha qiymətlər ənənəvi olaraq
Nərimanov, Nəsimi, Səbail rayonunun bir hissəsi və Yasamal
rayonunun “Elmlər Akademiyası” ətrafında olan evlərə aiddir.
Əvvəllər “Əhmədli”, “Həzi Aslanov” istiqamətində qiymətlər bir
qədər ucuz idi. Amma müşahidələrimiz göstərir ki, həmin ərazilərdə
də kirayə qiymətləri artmağa başlayıb. Orada da metro yaxınlığında
1 otaqlı mənzillər 400-450 manata təklif olunur. Bir qədər kənarda
isə qiymətlər 10-20% daha aşağıdır”.
“Nərimanovda metroya yaxın ərazidə qiymətlər 500 manatdan
başlayır. “Neftçilər”, “Qara Qarayev”, “Əhmədli” və “Xalqlar
dostluğu” istiqamətində isə qiymətlər 400 manatdan başlayır.
Qiymətlər indi belə təklif olunur. Amma bu səbəblərə görə evləri
əvvəlki illərdə kirayələyərək saxlayanlar var. Artıq biz bir neçə
ildir müşahidə edirik ki, artıq əvvəlki kimi, tələbələr yay
tətilində rayonlara gedib, sonra gələrək yenidən ev axtarmırlar. Bu
səbəbdən evlər yay aylarında çox boşalmır.
Qiymətlərin stabil qalmasına səbəblərdən biri də budur.
Baxmayaraq ki, kirayə mənzil bazarının 20%-ni tələbələr təşkil
edir, onlardan boşalan evlərin sayı çox az olur. Təxminən 5%-ə
qədər evlər boşalır. Şəhərin bir neçə istiqamətində fərdi yaşayış
evləri də var ki, orada evlərin kirayə qiyməti 250-300 manatdan
başlayır. Ən ucuz kateqoriyalı evlər həyət evləridir”, –
R.Qasımzadə deyib.