Rəsmi Bakı “İbrahim sazişi”nə qoşulacaq? –

Baş səhifə

ABŞ prezidenti Donald Tramp İsraillə ərəb ölkələri arasında diplomatik əlaqələri normallaşdırmağı hədəfləyən “İbrahim sazişi”ni genişləndirməyə çalışır. Lakin İsrail-Fələstin və İranla bağlı münaqişələrə həll yolu tapmaq, onun sələfləri kimi Tramp üçün də hələ də mürəkkəb olaraq qalır.

Son dövrlərdə ABŞ-nin həm Türk Dövlətləri Təşkilatına, həm də ərəb dünyasına yanaşmasında yeni çalarlar nəzərə çarpır. Bu kontekstdə Azərbaycanın və Qazaxıstanın da “İbrahim sazişi”nə qoşula biləcəyi barədə fikirlər irəli sürülür.

Mövzu ilə bağlı Metbuat.az-ın suallarını politoloq Turan Rzayev cavablandırıb:

-Turan bəy, ABŞ-nin Azərbaycanı “İbrahim sazişi”nin potensial tərəfdaşı kimi nəzərdən keçirməsinin əsas səbəbləri nələrdir?

“İbrahim saziş”ləri faktiki olaraq İsraillə müsəlman ərəb ölkələri arasında normallaşma prosesini ehtiva edən sazişlərdir. Bu Sazişlərə qoşulan ərəb ölkələri də var, qoşulmayanlar da. Əslində isə münasibətlərin tam normallaşması, o cümlədən Yaxın Şərqdə İsrail dövlətinin qəbul edilməsi yekun hədəf kimi göstərilir.

Xüsusilə də bu məsələdə son illərdə ABŞ-nin fəallığı başa düşüləndir. Ona görə ki, türk ölkələri – xüsusilə Azərbaycan və Mərkəzi Asiyanın digər türk dövlətlərinin İbrahim Sazişlərinə qoşulması, bu sazişlər çərçivəsində İsraillə münasibətlərin normallaşdırılması əslində daha real görünür və digər müsəlman ölkələrinə örnək təşkil edə bilər.

ABŞ-nin bu ölkələrə yanaşmasının əsas səbəbi həm də bu ölkələrdə dini radikalizmin və “İsrail dövləti yaranmamalıdır” kimi yanaşmaların keçərli olmamasıdır. Faktiki olaraq SSRİ-dən çıxdıqdan sonra həmin ölkələrdə 70 illik sovet təsiri dini radikalizmi və ultra sağçı dini cərəyanları balanslaşdırıb. Yəni bu ölkələrin xarici siyasətində din amili deyil, beynəlxalq təşkilatlar və beynəlxalq hüquq əsas yer tutur.

Əhalinin böyük bir qismi müsəlman olsa da, Mərkəzi Asiya ölkələri və Azərbaycan kimi dövlətlərin İbrahim Sazişlərinə qoşulması ABŞ üçün arqument yaradır: “Baxın, bu ölkələr müsəlman ölkələridir, amma İsraillə münasibətləri normallaşdırıblar və “İbrahim saziş”ləri effektiv variantdır”.

– Azərbaycan və Qazaxıstanın “İbrahim sazişi”nə qoşulması real perspektivdirmi, yoxsa hələlik geosiyasi müzakirələrin bir hissəsidir?

Əslində bu sual bir müddətdir gündəmdədir. İsrailin Azərbaycana təyin olunmuş yeni səfiri də ötən gün APA-ya verdiyi müsahibədə belə bir məqamı qeyd edib: Azərbaycanla münasibətlərin normal və inkişafda olduğunu, bundan sonra da inkişaf edəcəyini bildirib.

Prinsip etibarilə Azərbaycanın “İbrahim saziş”lərinə qoşulması və ya qoşulmamasının heç bir əhəmiyyəti yoxdur. Çünki “İbrahim saziş”lərinin təməl məntiqi İsraillə münasibətləri pis olan ölkələrin əlaqələrinin normallaşdırılmasıdır. Azərbaycan isə müsəlmanların çoxluq təşkil etdiyi, xüsusilə də şiə inancına etiqad edən insanların yaşadığı bir ölkədir, amma İsraillə heç bir problemi yoxdur. Əksinə, Azərbaycan İsrailin strateji tərəfdaşıdır və bir çox sahədə əməkdaşlıq edir.

Başqa sözlə, Azərbaycan “İbrahim sazişləri”nin məqsədini formal olaraq qoşulmadan da yerinə yetirib. O baxımdan rəsmi Bakı buna xüsusi maraq göstərmir.

ABŞ-nin mövqeyi başa düşüləndir, amma Bakı bu məsələyə çox da həvəsli yanaşmır. Çünki dediyim kimi, bu proses bizə xüsusi dividendlər gətirməyəcək.

– Azərbaycanın “İbrahim sazişləri”ndə iştirakının potensial riskləri və neqativ tərəfləri nələr ola bilər?

Bəli, ola bilər. Burada əsasən İran və Türkiyə faktorları nəzərə alınmalıdır. Hər iki ölkənin İsraillə münasibətləri yaxşı deyil və Azərbaycan bu ölkələr arasında balans siyasəti yürüdür.

Xüsusilə nəzərə alsaq ki, indiki məqamda İsrail ilə Türkiyə arasında münasibətlər daha da gərginləşib. Suriya üzərində toqquşmalar, Fələstin məsələsi, Qüds məsələsi kimi amillər tərəflər arasında təməl fikir ayrılıqlarına səbəb olub. İran-İsrail münasibətlərinin gərginliyi də hər kəsə məlumdur. Sonuncu 12 günlük aktiv toqquşmalar da göstərdi ki, münasibətlərin normallaşması hələ çox uzaqdadır.

Belə bir şəraitdə Azərbaycanın iki qonşusunun İsraillə münasibətlərinin bu qədər gərgin olduğu bir zamanda rəsmi Bakının İbrahim Sazişlərinə qoşulması o qədər də inandırıcı görünmür. Əgər rəsmi Bakı bu addımı atsa, regiondakı ölkələrlə təmasları intensivləşdirməli və həm Ankara, həm də Tehranla bu məsələdə ayrıca müzakirələr aparmalıdır. Bu müzakirələrdə də əsas mesaj belə olmalıdır: Azərbaycanın atdığı addım onlara qarşı yönəlməyib.

– Qazaxıstanın “İbrahim sazişləri” prosesinə qoşulması Orta Asiyada geosiyasi balansı necə dəyişə bilər?

Qazaxıstana gəldikdə isə, bu ölkənin İsraillə münasibətləri normaldır, amma Azərbaycan səviyyəsində deyil. Bununla belə, Qazaxıstan münasibətləri inkişaf etdirmək üçün İbrahim Sazişlərinə qoşula bilər. Amma böyük ehtimalla Qazaxıstan da Türkiyə və İran faktorunu nəzərə alacaq. Yəni türk ölkələrinin İbrahim Sazişlərinə qoşulması nəzəri cəhətdən real görünsə də, Türkiyə amilini nəzərə almaları bir o qədər də labüddür. Çünki ərəb ölkələrini bu sazişlərdən çəkindirən əsas amil din faktoru olduğu halda, türk ölkələrini məsafəli davranmağa və ehtiyatlı addım atmağa sövq edən əsas səbəb Türkiyə faktorudur. Türkiyə kimi mühüm bir müttəfiqi itirmək və münasibətləri gərginləşdirmək, yəqin ki, heç bir türk ölkəsinin marağında deyil.

Gülbəniz Hüseynli / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir