
Bakı. Trend:
Bundan sonra Çempionlar Liqasının final oyunları 3 saat daha tez
başlayacaq.
Trend xəbər
verir ki, UEFA 2025/26 mövsümündən etibarən turnirin həlledici
matçlarının Mərkəzi Avropa vaxtı ilə saat 18:00-da (Bakı vaxtı ilə
20:00-da) başlayacağını açıqlayıb.
“Bu qərar azarkeşlər, komandalar və ev sahibliyi edən şəhərlər
üçün oyun gününün ümumi təəssüratını yaxşılaşdırmaq məqsədi
daşıyır. Bu, logistika və əməliyyatların optimallaşdırılması
hesabına həyata keçiriləcək və bir sıra nəzərəçarpacaq üstünlüklər
təmin edəcək. Məqsədimiz bu möhtəşəm hadisədə iştirak etmək istəyən
hər kəs üçün oyun gününü həqiqətən də zövqlü etmək və ailələrin,
uşaqların mövsümün ən böyük və əhəmiyyətli klub oyununa asanlıqla
gəlmələrinə şərait yaratmaqdır.
Başqa şəhərlərdən gəlmiş azarkeşlər üçün bu dəyişiklik ictimai
nəqliyyata – xüsusilə də oyundan sonra – daha rahat çıxış və
stadiondan təhlükəsiz və rahat şəkildə qayıdış imkanı verəcək.
Təşkilatçı şəhərlər üçünsə bu, tədbirin müsbət iqtisadi təsirini
artıracaq, çünki azarkeşlər bayram əhvalını davam etdirə
biləcəklər.
Yeni yayım vaxtı, həmçinin daha əlçatan yayım cədvəlinin
formalaşmasına töhfə verəcək, bu isə final oyununu bütün dünyada
daha geniş televiziya və rəqəmsal auditoriyaya çatdırmağa kömək
edəcək – xüsusilə gənc tamaşaçıların cəlb olunmasına xüsusi diqqət
yetirilir”, – UEFA-dan bildirilib.
Qeyd edək ki, 2026-cı ildə UEFA Çempionlar Liqasının finalı
mayın 30-da Macarıstanın paytaxtı Budapeştdəki “Puskas Arena”da
keçiriləcək.