
Bakı. Trend:
Avqustun 28-də Heydər Əliyev Fondu tərəfindən Şamaxının İkinci
Cabanı və Böyük Xınıslı kəndlərində inşa olunan körpələr evi-uşaq
bağçalarının açılışı olub.
Trend xəbər
verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva
açılışda iştirak edib.
Leyla Əliyeva körpələr evi-uşaq bağçalarının otaqları ilə tanış
olub, uşaqlar üçün yaradılan şəraitə baxış keçirib.
Bildirilib ki, hər iki bağça kəndlərin mərkəzində yerləşir.
Müasir və tam təchizatlı körpələr evi-uşaq bağçalarında balacalar
üçün yataq və oyun otaqları, idman və musiqi zalları, tibb otağı,
yeməkxana və digər inzibati, texniki otaqlar mövcuddur.
Məktəbəqədər təhsil müəssisələri zəruri mebel və avadanlıqlarla tam
təchiz edilib. Bağçaların həyətyanı ərazilərində yaşıllaşdırma
işləri aparılıb, uşaq əyləncə qurğuları quraşdırılıb.
İkinci Cabanı kənd körpələr evi-uşaq bağçasının rəhbəri Töfə
Bəşirova jurnalistlərə açıqlamasında bildirib ki, bağça 41 ildir
fəaliyyət göstərsə də, heç vaxt bu cür şərait olmayıb: “Köhnə bağça
yararsız vəziyyətə düşdüyündən fərdi evdə fəaliyyət göstərirdik.
Heydər Əliyev Fonduna müraciət etdik, qısa müddət ərzində yeni
bağça inşa olunub təhvil verildi. Sabahdan yeni bağçada uşaqları
qəbul edə biləcəyik. Yeni bağçada 1-3, 4-6 yaş arasında qruplar
fəaliyyət göstərəcək. Qonşu kəndlərdən də bağçamıza müraciətlər
var. Uşaqlarımız üçün yaradılan şəraitə görə Heydər Əliyev Fonduna
dərin minnətdarlığımızı bildiririk”.
Leyla Əliyeva daha sonra Şamaxıda və Ağsuda bir neçə ailəni
ziyarət edib.

