Almaniya, Fransa və Böyük Britaniya İranla bağlı “snapback” mexanizmini işə salıb

Baş səhifə

Bakı. Trend:

E3 ölkələri – Almaniya, Fransa və Böyük Britaniya Vyana Nüvə
Sazişi üzrə “snapback” (sansksiyaların avtomatik bərpası)
mexanizmini işə salıb.

Trend xəbər
verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin məlumatında
bildirilib.

Bu addımın İranın Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPoA)
çərçivəsində götürdüyü öhdəlikləri uzun müddət sistemli şəkildə
pozmasına cavab olaraq atıldığı qeyd edilib. Əgər otuz gün ərzində
bu istiqamətdə diplomatik həll yolu tapılmasa BMT-nin İranla bağlı
sanksiyaları yenidən qüvvəyə minəcək. Bununla da İrana nüvə və
raket texnologiyaları ilə bağlı hər hansı məhsulun ötürülməsi
qadağan olunacaq və silah embarqosu bərpa ediləcək.

Qeyd edək ki, İranın nüvə proqramının mülki xarakter
daşıyıb-daşımamasına dair əsaslı şübhələrlə bağlı uzunmüddətli
mübahisələrdən sonra Almaniya, Fransa, Böyük Britaniya, ABŞ,
Rusiya, Çin və İran 2015-ci ildə “Vyana Nüvə Sazişi” adlı Birgə
Hərtərəfli Fəaliyyət Planını imzalamaqla məsələnin danışıqlar yolu
ilə həllinə cəhd göstərib.




Lakin Donald Tramp prezidentliyinin birinci dövründə – 2018-ci
ilin mayında ölkəsinin JCPoA-dan çıxdığını açıqlamış və əvvəllər
dayandırılmış ikinci dərəcəli sanksiyaları yenidən tətbiq etmişdi.
İran isə 2019-cu ildən etibarən JCPoA üzrə nüvə öhdəliklərini
mərhələli şəkildə dayandırmış, uranın istehsalının artırılmasını və
60 faizədək zənginləşdirilməsini bərpa etmişdi. Bayden
administrasiyası 2021–2022-ci illərdə nüvə sazişinə qayıtmaq və
sanksiyaları aradan qaldırmaq niyyətini nümayiş etdirmişdi.

Vyana danışıqlarında razılaşmanın bəzi konturları
müəyyənləşdirilsə də, İran 2022-ci ilin mart və avqust aylarında
təqdim olunan kompromis paketlərini rədd edib. E3 dövlətləri buna
cavab olaraq, JCPoA çərçivəsində nəzərdə tutulmuş sanksiyaları
Avropa İttifaqı və Böyük Britaniya qanunvericiliyində qüvvədə
saxlayıblar.

E3 ölkələri İranın nüvə proqramının inkişafının region üçün
ciddi təhlükə yaratdığını qeyd edərək, diplomatik həll yolunun hələ
də açıq olduğunu və məsələnin İranın öz öhdəliklərini şəffaf
şəkildə yerinə yetirməsindən asılı olduğunu vurğulayıblar.
Bəyanatda İranın xüsusilə uranın zənginləşdirilməsi ilə bağlı
məhdudiyyətlərə riayət etməsi və Beynəlxalq Atom Enerjisi Agentliyi
(BAEA) ilə tam əməkdaşlıq həyata keçirməsi tələb olunub.