
Bakı. Trend:
“Azarkeşlərimizə bir daha təşəkkür etmək istəyirəm.
“Ferensvaroş”la pley-offun cavab oyunu zamanı stadionda etdikləri
azarkeşlik, göstərdikləri dəstək, yaratdıqları atmosferə görə, hər
birinə minnətdaram. Bizim azarkeşlər Çempionlar Liqasının Liqa
mərhələsini görməyi haqq edirdilər. Onlar üçün çox sevinirəm ki, bu
mövsüm Çempionlar Liqasının minimum 4 görüşünü Bakıda canlı
izləyəcəklər. Dörd səfər qarşılaşmasına isə ən azı televiziya ilə
baxmaq şansları olacaq”.
Trend xəbər verir
ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA
Çempionlar Liqasının Liqa mərhələsinin püşkatması barədə danışarkən
deyib.
Qurban Qurbanov Liqa mərhələsindəki rəqiblər haqqında da
fikirlərini açıqlayıb: “Qarşılaşacağımız komandaların hamısı çox
ciddi rəqiblərdir. Öz ölkələrinin köklü, tarixi olan klublarıdır.
“Liverpul”, “Çelsi”, “Ayaks”, “Napoli”, həmçinin digərləri –
“Benfika”, “Ayntraxt”, “Kopenhagen” və “Atletik” hamının yaxşı
tanıdığı güclü komandalardır. Çalışacağıq ki, bu matçlara yaxşı
hazırlaşaq. Çünki bu turnir tam başqa bir səviyyədir. Çempionlar
Liqasındakı həyəcan bir neçə dəfə artıq olur. Burada güc, sürət,
həm oyunun gedişatı tam fərqlidir. Çox böyük məsuliyyət olduğunu
başa düşürük. Yaxşı mübarizə aparmağa, azarkeşlərimizi sevindirməyə
çalışacağıq”.
Qeyd edək ki, Ağdam təmsilçisi Liqa mərhələsində “Liverpul”
(İngiltərə), “Benfika” (Portuqaliya), “Napoli” (İtaliya) və
“Atletik”lə (İspaniya) səfərdə, “Çelsi” (İngiltərə), “Ayntraxt”
(Almaniya), “Ayaks” (Niderland) və “Kopenhagen”lə (Danimarka) evdə
qarşılaşacaq.