
Bakı. Trend:
Azərbaycanın telekommunikasiya və poçt sahələrində tənzimləyici
qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA)
abunəçilərin internet xidmətlərindən istifadəsi üzrə növbəti
şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti
hesabatını dərc edib.
Hesabatda 2025-ci ilin II rübü ərzində “E-Şikayət” sistemi
vasitəsilə internet operator və provayderlərinə ünvanlanmış
müraciətlərlə bağlı şikayət indeksi və indeks üzrə dinamika əksini
tapıb. Belə ki, 2025-cü ilin I rübü üzrə hesabatla cari hesabatın
müqayisəsi aparılıb və operator, yaxud provayderin indeks
dəyişiklik dinamikası müəyyən olunub.
Eyni zamanda hesabatda təqdim edilən şikayətlərin orta
cavablandırılma müddəti məlumatı “E-Şikayət” sisteminə II rübdə
daxil olan müraciətlərin telekommunikasiya operator və
provayderləri tərəfindən icra müddətini əks etdirir.
İKTA bəyan edir ki, ictimai nəzarətin formalaşması, şəffaflıq və
xidmət keyfiyyətinin yüksəldilməsi baxımından şikayət indeksinin və
şikayətlərin orta cavablandırılma müddəti hesabatının hazırlanması
zəruri addımdır. Bu, telekommunikasiya sektorunda real mənzərəni
müəyyən etməyə, tənzimlənmə prosesini daha asan və tez həyata
keçirməyə imkan yaradacaq.
Məlumat üçün bildirək ki, “E-Şikayət” sistemi 2023-cü
ilin noyabrında istifadəyə verilib. Bu günə qədər vətəndaşlar
tərəfindən adıçəkilən sistem vasitəsilə telekommunikasiya və poçt
xidmətləri ilə bağlı 8600-ə yaxın müraciət daxil olub.
2024-cü ilin martından isə artıq “Android” və “iOS” əməliyyat
sisteminə malik cihazların istifadəçiləri müvafiq olaraq “Google
play”dən və “APP
store”dan “E-Şikayət”in mobil tətbiqini yükləmək imkanı əldə
ediblər. Mobil tətbiqin istifadəyə verilməsi xidmətdən istifadənin
miqyasını genişləndirməklə yanaşı, platformanı daha əlçatan
edib.
Agentlik şikayət indeksi və şikayətlərin orta cavablandırılma
müddəti hesabatının dərcinin davamlı olacağını və geniş
ictimaiyyətə rüblük təqdim ediləcəyini bir daha bəyan edir. İKTA
gələcək fəaliyyətində bu cür ictimai iştirakçılıq vasitələrindən
tənzimləmə və nəzarət mexanizmlərinin qurulmasında geniş istifadəni
strateji məqsədlərindən biri olaraq müəyyənləşdirib.