Azərbaycan Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına çalışır – Kamaləddin Qafarov

Baş səhifə

Bakı.Trend:

“Ölkə Prezidenti cənab İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına
verdiyi müsahibəsində bir daha açıq mətnlə bəyan etdi ki, avqustun
8-də Vaşinqtonda imzalanmış sənədlər, əldə olunan razılaşmalar
Azərbaycan ilə Ermənistan arasında qarşıdurmanın və gərginliyin
sonu, bütün Cənubi Qafqazda davamlı sülhün bərqərar olması
deməkdir. Diqqətəlayiq haldır ki, Ağ Evdə paraflanmış sülh
sazişinin mətni də Ermənistan–Azərbaycan münasibətlərinin
dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə məhz
Azərbaycanın baxışına əsaslanır.” Bu sözləri mətbuata verdiyi
açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Onun fikrincə, rəsmi İrəvan ölkə rəhbərliyi tərəfindən
imzalanmış sənədlərin icrasından imtina edərsə, bu, Ermənistan üçün
çox pis nəticələrə gətirib çıxara biləcək tarixi səhv olar:
“Azərbaycan 2020-ci ildə öz legitim hüququndan istifadə edərək
apardığı 44 günlük Vətən müharibəsi nəticəsində 30 illik işğala son
qoydu, beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü bərpa etdi.
Bu reallıq hazırda qlobal miqyasda bütün dünyada tanınıb və qəbul
edilib. Bu o deməkdir ki, istənilən halda Azərbaycan-Ermənistan
münaqişəsi başa çatıb. Sülh sazişinin imzalanması isə faktiki
olaraq bu vəziyyətin rəsmiləşdirilməsi və regionda yeni, quruculuq
və inkişafı ehtiva edən dövrün başlanması üçün lazımdır. Məhz buna
görə Azərbaycan müharibədən dərhal sonra Ermənistanla sülh
prosesinə başlamağı təklif etdi və danışıqlar formatının
təşəbbüskarı oldu. Məhz Azərbaycan sülh sazişinin layihəsini təqdim
etdi. Dövlətimizin başçısının müsahibəsində qeyd olunduğu kimi, bir
neçə il davam edən edən danışıqlar nəhayət, Vaşinqtonda ABŞ
Prezidentinin və onun komandasının böyük dəstəyi ilə başa çatdı. Bu
gün formal olaraq sülh sazişinin imzalanmamasının yeganə əsas
səbəbi Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü
hələ də şübhə altına alan müddəanın mövcudluğudur. Sülh sazişinin
paraflanması ilə Ermənistan həmin müddəaya dəyişiklik edəcəyinə
dair öhdəlik götürmüş olub. Bu prosesi təkcə ABŞ deyil, bütün
beynəlxalq ictimaiyyət, Avropa İttifaqı, Türkiyə və ərəb dünyası da
dəstəkləyib. Sülh sazişinin imzalanması həm Cənubi Qafqaz regionu,
həm də daha geniş mənada Avrasiya məkanı ölkələri üçün tamamilə
yeni imkanlar açır. Bundan sonra Ermənistanın geri addım atacağı
əlbəttə ki, inandırıcı görünmür. Lakin bu baş verərsə, nəticələr
Ermənistanın özü üçün çox pis ola bilər. İlk növbədə bu, Ermənistan
ilə ABŞ arasındakı münasibətləri ciddi şəkildə pisləşdirər. Eyni
zamanda da, cənab Prezidentin dediyi kimi, razılaşmanı pozmaq bütün
dünyaya qarşı çıxmaq deməkdir və rəsmi İrəvan bundan ancaq zərər
görə bilər. Vaşinqtonda imzalanan sənəd isə Ermənistan üçün sülhə
və sabit inkişafa yeganə zəmanətdir.”




Kamaləddin Qafarov Suriya-İsrail münasibətləri ilə bağlı cənab
Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin əhəmiyyətini
vurğulayaraq deyib: “Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu,
qlobal proseslərə təsir imkanlarının artması təbii ki, beynəlxalq
ictimaiyyətin diqqətindən yayınmır. Azərbaycanın Suriya ilə İsrail
arasında normallaşmanın əldə olunması prosesində oynadığı rola dair
“Əl-Ərəbiyyə” müxbirinin verdiyi suallar da bunu bir daha təsdiq
edir. Məlumdur ki, bu iki ölkənin rəsmiləri arasında danışıqlar
məhz Azərbaycanın vasitəçiliyi ilə baş tutdu. Hər zaman ölkəmizin
sülhsevər mövqelərdən çıxış etdiyini vurğulayan cənab Prezident
İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan öz ətrafında sülhün
olmasını istəyir. Dövlətimizin də məqsədi yalnız normallaşma
prosesinə və İsrail ilə Suriya arasında proqnozlaşdırıla bilən
vəziyyət yaratmağa kömək etməkdən ibarət idi. Suriyanın birliyi və
ərazi bütövlüyü hər hansı münasibətlər üçün bir nömrəli ilkin
şərtdir. Azərbaycan uzun illər ərazi bütövlüyünün pozulmasından
əziyyət çəkən bir ölkə olaraq bütün ölkələrin ərazi bütövlüyünü
dəstəkləyir. Beləliklə, Prezident İlham Əliyevin uğurlu xarici
siyasətinin şaxələndirilmiş istiqamətləri Azərbaycana qlobal
hadisələrin mərkəzində olmaq və onların gedişini bəzi həlledici
məqamlarda düzgün istiqamətləndirmək imkanları verir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir