Azərbaycanın qeyri-neft məhsulları ixracı 11%-dən çox artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sektoru
üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,4% artaraq
2.09 milyard ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti
məhsullarının ixracı 23,9% artaraq 689 milyon ABŞ dollarına bərabər
olub.

Trend xəbər
verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın avqust sayında
bildirilir.

2025-ci ilin yanvar-iyul aylarında ixrac olunan şəkər ötən ilin
müvafiq dövrünə nəzərən 10,9 milyon ABŞ dolları və ya 55,1%,
meyvə-tərəvəz 122,6 milyon ABŞ dolları və ya 31,9%, kimya sənayesi
məhsulları 45,2 milyon ABŞ dolları və ya 30,4%, qara metallar və
onlardan hazırlanan məmulatlar 8,6 milyon ABŞ dolları və ya 19,1%,
pambıq iplik 2,6 milyon ABŞ dolları və ya 18,2%, çay 317 min ABŞ
dolları və ya 8,8% artıb.

Cari ilin yeddi ayında aqrar məhsulların ixracı 27,9% artaraq
551,4 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracı isə
7,3% artaraq 178,8 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə
aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 22,1% artaraq
730,2 milyon ABŞ dolları təşkil edib.

Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid
malların siyahısında qızıl (178,8 milyon ABŞ dolları) birinci olub.
Bu siyahıda pomidor (tomat) (156,9 milyon ABŞ dolları) ikinci,
pambıq lifi (108,1 milyon ABŞ dolları) isə üçüncü yerdə
qərarlaşıb.

2025-ci ilin iyul ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna
aid malların siyahısında şaftalı (48,5 milyon ABŞ dolları) birinci
olub. Bu siyahıda qızıl (33,9 milyon ABŞ dolları) ikinci, daş kömür
qatranının yüksək temperaturlu qovulmanın təmizlənməmiş digər
yüngül yağları və məhsulları (13,8 milyon ABŞ dolları) isə üçüncü
yerdə qərarlaşıb.




Cari ilin yeddi ayında Rusiya Federasiyasına 716,6 milyon ABŞ
dolları, Türkiyəyə 339,7 milyon ABŞ dolları, İsveçrəyə 186,6 milyon
ABŞ dolları, Gürcüstana 183,4 milyon ABŞ dolları, Ukraynaya isə
109,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal
ixrac olunub.

2025-ci ilin iyul ayında Rusiya Federasiyasına 130,6 milyon ABŞ
dolları, Türkiyəyə 52,5 milyon ABŞ dolları, İsveçrəyə 34,3 milyon
ABŞ dolları, Gürcüstana 28,7 milyon ABŞ dolları, Ukraynaya isə 14,1
milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac
edilib.

2025-ci ilin yanvar-iyul ayları üzrə hazırlanmış qeyri-dövlət
ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər
təmsil olunublar: “PRIME COTTON” MMC, “Azərbaycan İnterneyşnl
Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı
Nümayəndəliyi, “Export Stream” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Baku
Steel Company” QSC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “UYTROP” Məhdud Məsuliyyətli Cəmiyyəti, “P-AQRO” MMC, “Sahdag SY”
Məhdud Məsuliyyətli Cəmiyyəti, “Avrora” Məhdud Məsuliyyətli
Cəmiyyəti, “HOPER” Məhdud Məsuliyyətli Cəmiyyəti.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən
dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və
İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda
aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC,
“AzerGold” QSC ,“Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin Qaz İxrac İdarəsi, “Azərpambıq Aqrar Sənaye
Kompleksi” MMC,”SOCAR-DALĞIC” MMC, “Azərbaycan Dəmir Yolları” QSC,
Naxçıvan MR Dövlət Energetika Xidməti, “İstisu” mineral su zavodu
Məhdud Məsuliyyətli Cəmiyyəti.

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının
Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 41 ölkəsinə 10,1
milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri
ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir
onun ümumi gəlirlərinin 66%-ni təşkil edib. 2025-ci ilin iyul
ayında isə “Azərkosmos” dünyanın 35 ölkəsinə 1,6 milyon ABŞ dolları
dəyərində xidmət ixrac edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının
ilk beşliyində 2,7 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,1
milyon ABŞ dolları ilə Lüksemburq, 498,9 min ABŞ dolları ilə
Nigeriya, 461 min ABŞ dolları ilə Türkiyə, 417,5 min ABŞ dolları
ilə Misir qərarlaşıb.