Ombudsmandan Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə əlaqədar MÜRACİƏT

Baş səhifə

Bakı. Trend:

Ombudsman 30 Avqust Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları
(itkin düşmüş şəxslər) Günü ilə əlaqədar müraciət ünvanlayıb.

Trend
həmin müraciəti təqdim edir:

“30 Avqust – Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları (itkin
düşmüş şəxslər) Günü dünyada minlərlə itkin düşmüş, müharibə və
hərbi əməliyyatlar zamanı həlak olmuş naməlum şəxslərin, tutularaq
gizli yerlərdə saxlanılan və ya gizli şəkildə öldürülmüş şəxslərin
xatirəsini yad etmək məqsədilə BMT-nin Baş Assambleyası tərəfindən
təsis edilmişdir.

Dünyanın müxtəlif bölgələrində baş verən müharibələr itkin
düşmüş şəxslərin sayını günbəgün artırmaqdadır.

Uzun illər işğala məruz qalan ölkə olaraq itkin düşmüş şəxslərlə
bağlı problem Azərbaycandan da yan keçməmişdir. Ermənistanın ötən
30 il ərzində Azərbaycana qarşı həyata keçirmiş olduğu hərbi
təcavüzü nəticəsində minlərlə soydaşımız itkin düşmüş və bu günədək
taleləri haqqında hər hansı bir məlumat yoxdur.

Rəsmi məlumata əsasən Ermənistanın Azərbaycana qarşı hərbi
təcavüzü nəticəsində itkin düşmüş, əsir-girov götürülmüş 4000-dək
şəxs vardır ki, bunlardan da 71-i uşaq, 284-ü qadın, 316-sı isə
ahıl şəxslərdir.




Beynəlxalq humanitar hüquq normaları iştirakçı dövlətlərin
üzərinə itkin düşmüş şəxslər barədə məlumatların qarşılıqlı olaraq
verilməsi ilə bağlı öhdəliklər müəyyən edir. Bununla yanaşı,
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1974-cü il 6
noyabr tarixli Qətnaməsində münaqişə tərəflərinə itkin düşmüş
şəxslər barədə məlumatların qarşılıqlı olaraq verilməsi tövsiyə
edilmişdir.

İtkin düşmüş azərbaycanlıların taleyi barədə problem dəfələrlə
tərəfimizdən əlaqədar beynəlxalq təşkilatların diqqətinə
çatdırılmış, Cenevrə Konvensiyalarının tələblərinə müvafiq olaraq
itkin düşmüş soydaşlarımız barədə məlumatların Ermənistan
tərəfindən təqdim olunması tələb olunmuşdur.

Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycan dövləti tərəfindən
2002-ci ildən etibarən mütəmadi olaraq BMT-nin Baş Assambleyasında
itkin düşmüş şəxslərlə bağlı qətnamə irəli sürülür. Buna
baxmayaraq, itkin düşmüş soydaşlarımızın taleyinə aydınlıq
gətirilməsi istiqamətində indiyədək hər hansı əməli addımlar
atılmamışdır.

İkinci Qarabağ müharibəsindən və 2023-cü il sentyabr ayında
həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən
sonrakı dövrdə işğaldan azad olunmuş ərazilərdə Azərbaycan dövləti
tərəfindən aparılan sistemli axtarış tədbirləri nəticəsində, eləcə
də görülən tikinti-quruculuq işləri, habelə hadisə şahidlərinin
ifadələrinə əsasən həyata keçirilmiş qazıntı işləri zamanı bir sıra
kütləvi məzarlıqlar aşkarlanmış, tapılmış insan qalıqlarının
eyniləşdirilməsi istiqamətində Azərbaycanın müvafiq dövlət
qurumlarının gördüyü tədbirlər nəticəsində Birinci Qarabağ
müharibəsində itkin düşmüş bəzi şəxslərin taleyinə aydınlıq
gətirilmişdir. Təəssüflər olsun ki, Ermənistan beynəlxalq humanitar
hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməyərək, digər
kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumatları da ölkəmizə
təqdim etmir, nəticədə uzun illərdir öz doğmalarından xəbər ala
bilməyən ailə üzvləri iztirablar çəkməkdə davam edir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
olaraq, müharibə və digər səbəblərlə əlaqədar itkin düşmüş
şəxslərin xatirəsini dərin ehtiramla yad edir və bir daha
vurğulamaq istəyirəm ki, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar
itkin düşmüş dörd minə yaxın soydaşımızın taleyinə aydınlıq
gətirilməsi istiqamətində öz səylərini artırmalı, Ermənistan isə
beynəlxalq humanitar hüquq normalarına əsasən üzərinə düşən
öhdəlikləri yerinə yetirməlidir”.