
Bakı. Trend:
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası
mənəvi zərərin ödənilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini
müəyyən edən qərar qəbul edib.
Trend
xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.
Belə ki, iş üzrə iddiaçı həm maddi, həm də mənəvi zərərin
ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib, birinci instansiya
məhkəməsi iddianı qismən təmin edərək cavabdehdən mənəvi təzminat
və vəkil xərclərinin ödənilməsi barədə qərar verib. Lakin iddiaçı
məhkəmə qətnaməsi qəbul edildikdən sonra vəfat edib.
Bu halda əsas hüquqi məsələ iddiaçının vəfat etməsinin mənəvi
zərərin ödənilməsi tələbinə təsiri ilə bağlıdır.
Ali Məhkəmənin mövqeyinə görə, iddiaçı qətnamə qəbul edilənə
qədər vəfat edərsə, iş üzrə icraata xitam verilə bilər. Lakin
qətnamə qəbul edildikdən sonra iddiaçının ölümü işin icraatına
maneə yaratmır və mənəvi zərərin ödənilməsi tələbi vərəsələr
tərəfindən davam etdirilə bilər.
Mənəvi zərərin özü şəxsin qeyri-əmlak hüquqlarının pozulması
nəticəsində yaranan zərərdir və ilkin mərhələdə şəxsi hüquq kimi
qəbul edilir. Lakin bu tələb hüquqi prosedur əsasında irəli
sürüldükdən sonra, yəni iddiaçının məhkəməyə müraciəti və ya yazılı
tələb göndərməsi ilə artıq hüquqi baxımdan əmlak xarakteri daşıyır.
Bu da mənəvi zərərin ödənilməsi tələbinin şəxsin ölümündən sonra da
vərəsələrə keçməsini mümkün edir.
Mülki Məcəllənin 1151.1-ci maddəsi də göstərir ki, miras qoyanın
malik olduğu əmlak hüquqları və öhdəlikləri onun vəfatı ilə
vərəsələrə keçir. Bu səbəbdən mənəvi zərərin ödənilməsi ilə bağlı
iddialar da, əgər tələb müvafiq qaydada irəli sürülübsə, vərəsələr
tərəfindən təqib edilə bilər.
Yekun olaraq vurğulamaq lazımdır ki, mənəvi zərərin ödənilməsi
tələbi məhkəməyə təqdim edildikdən sonra, bu tələb artıq şəxsə
bağlı şəxsi hüquq statusundan çıxaraq, əmlak hüququna çevrilir və
iddiaçının vəfatından sonra da hüquqi davamlılığı təmin olunur.