
Bakı. Trend:
İQ və EQ gənclərin inkişaf yolunun vacib hissəsi olmaqla yanaşı,
artıq yalnız gənclər üçün deyil, bütün insanlar üçün önəm daşıyır.
Son illərdə isə iki yeni anlayış – SQ (sosial zəka) və AQ
(uyğunlaşma qabiliyyəti) terminləri də geniş istifadə olunmağa
başlayıb.
Trend xəbər
verir ki, bunu bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar
Aslanbəyli BCC Akademiyasının proqramı çərçivəsində “Gələcək
karyeralar: necə aktual, hazır və tələb olunan qalmaq olar?”
mövzusunda keçirilən panel müzakirəsində deyib.
O bildirib ki, mütəxəssislərin fikrincə, emosional zəka ilə
yanaşı, sosial bacarıqlar və uyğunlaşma qabiliyyəti də müasir
dövrdə uğur üçün əsas şərtlərdən sayılır:
“Buna görə də dünyanın bir çox universitetləri artıq təhsillə
yanaşı tələbələrdə yumşaq bacarıqları inkişaf etdirməyə daha çox
diqqət yetirirlər. Universitet seçiminin uğurla nəticələnməsinin
isə yalnız adla bağlı olmadığı vurğulanır. Məsələn, Harvard kimi
nüfuzlu universitetlərdə oxuyanların hamısı uğur qazanmır.
Ekspertlər bildirirlər ki, uğur yalnız universitet təhsili ilə
ölçülmür. Əsas məqsəd təhsil almaq, bir peşəyə sahib olmaq və
bacarıqlar qazanmaqdır”.
bp rəsmisi vurğulayıb ki, əgər peşə və bacarıqlar yoxdursa,
insan EQ, SQ və AQ baxımından nə qədər güclü olsa belə, bunlar
kifayət etmir:
“Əvvəlcə təhsilli olmaq vacibdir. Daha sonra emosional zəka,
sosial bacarıqlar və uyğunlaşma qabiliyyəti inkişaf edir.
Süni intellekt təhsildə yeni alətlər yaratsa da, peşələri məhv
etmir, əksinə dəyişdirir. Gənclərin gələcək iş bazarında uğurlu ola
bilməsi üçün isə üzərlərində işləmələri, fəal və intizamlı qalaraq
dəyişikliklərə uyğunlaşmaları zəruri hesab olunur”.