Azərbaycan regional sabitliyin tərəfdarıdır

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26
avqust 2025-ci ildə Səudiyyə Ərəbistanının nüfuzlu “Əl-Ərəbiyyə”
telekanalına verdiyi müsahibə həm regional, həm də beynəlxalq
miqyasda böyük maraq doğurmuşdur. Bu müsahibə yalnız Azərbaycanın
xarici siyasət kursunun əsas istiqamətlərini təqdim etməklə
kifayətlənməmiş, eyni zamanda ölkənin Cənubi Qafqazda artan rolunu
və beynəlxalq münasibətlərdə mövqeyini bir daha nümayiş
etdirmişdir.

Müsahibənin ən mühüm tərəflərindən biri Prezident İlham Əliyevin
Ermənistanla aparılan sülh prosesinə verdiyi əhəmiyyətli mesajlar
idi. Dövlət başçısı açıq şəkildə vurğuladı ki, Azərbaycan sülhün
bərqərar olunması üçün əsas təşəbbüskar tərəfdir və regionun
gələcək inkişafı məhz bu razılaşmaların uğurla həyata
keçirilməsindən asılıdır. Ermənistanın konstitusiyasına
düzəlişlərin zəruriliyi məsələsi Azərbaycanın ərazi bütövlüyünün
tanınmasının vacibliyini ortaya qoyur. Bu isə beynəlxalq
ictimaiyyətə Azərbaycanın sülhsevər, lakin prinsipial mövqeyini
nümayiş etdirir.

Prezident İlham Əliyevin Zəngəzur dəhlizi və Araz marşrutu
barədə verdiyi açıqlamalar müsahibənin strateji əhəmiyyətini daha
da artırdı. Bu layihələr regionda kommunikasiya əlaqələrinin
bərpasına, yeni iqtisadi körpülərin qurulmasına xidmət edir.
Xüsusilə, Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə birləşdirilməsi
həm ölkədaxili iqtisadi inkişaf, həm də beynəlxalq tranzit
marşrutlarının genişlənməsi baxımından böyük əhəmiyyət kəsb
edir.

“Əl-Ərəbiyə” kimi nüfuzlu ərəb telekanalına müsahibə vermək
Azərbaycanın Yaxın Şərq ölkələri ilə əlaqələrinin gücləndirilməsi
baxımından mühüm addımdır. Prezidentin çıxışı ərəb dünyasına
birbaşa ünvanlanmış mesaj idi və bu, Azərbaycanın müsəlman ölkələri
ilə birliyi, həmrəylik prinsiplərinə sadiqliyinin göstəricisi oldu.
Eyni zamanda, müsahibə Azərbaycanın enerji, iqtisadi əməkdaşlıq və
təhlükəsizlik sahələrindəki mövqelərinin ərəb ictimaiyyətinə
çatdırılmasına imkan yaratdı.




Müsahibədə Azərbaycanın keçmişinə dair edilən açıqlamalar,
xüsusilə 1920-ci ildə Sovet işğalının qeyd olunması, Azərbaycanın
tarixi ədalət uğrunda mübarizəsini bir daha gündəmə gətirdi. Bu,
həm də ölkənin müstəqillik, suverenlik və milli maraqlar mövzusunda
güzəştə getməyəcəyinin açıq mesajı idi.

Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” telekanalına müsahibəsi
Azərbaycanın beynəlxalq informasiya məkanında mövqeyini gücləndirən
əhəmiyyətli hadisə kimi qiymətləndirilə bilər. Bu müsahibə bir
tərəfdən Cənubi Qafqazda sülh və əməkdaşlıq çağırışlarını gündəmə
gətirdi, digər tərəfdən isə Azərbaycanın regional layihələrdə lider
mövqeyini təsdiqlədi. Ən əsası, müsahibə beynəlxalq ictimaiyyətə
Azərbaycanın həm regional sabitlik, həm də qlobal enerji
təhlükəsizliyində mühüm rol oynadığını bir daha göstərdi.

Milli Məclisin deputatı,

Əminə Ağazadə