
Bakı. Trend:
Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə
tullantılarla bağlı idarəetmənin təkmilləşdirilməsi və bununla
əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında
və sərəncamlarında dəyişiklik edilməsi haqqında fərman
imzalayıb.
Trend xəbər
verir ki, fərmana əsasən, müəyyən edilib ki, işğaldan azad edilmiş
ərazilərdə əmələ gələn bərk məişət tullantılarının, habelə digər
təhlükəsiz bərk tullantıların yığılması və daşınması aşağıdakı
publik hüquqi şəxslər tərəfindən həyata keçirilir:
Şuşa şəhəri və Şuşa rayonu üzrə – Şuşa Şəhəri Dövlət Qoruğu
İdarəsi;
Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə – Cəbrayıl, Qubadlı
və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti;
Ağdam, Füzuli və Xocavənd rayonları üzrə – Ağdam, Füzuli və
Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti;
Laçın rayonu üzrə – Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə
Xidməti;
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə – Xankəndi
şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və
İdarəetmə Xidməti;
Kəlbəcər rayonu üzrə – Kəlbəcər rayonunda Bərpa, Tikinti və
İdarəetmə Xidməti.
“Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyətinin işğaldan azad edilmiş
ərazilərdə əmələ gələn bərk məişət tullantılarının, habelə digər
təhlükəsiz bərk tullantıların yığılması və daşınması ilə bağlı
bütün əmlakı müvafiq olaraq bu Fərmanda qeyd olunan publik hüquqi
şəxslərin balansına verilib.
Bakı şəhərinin ərazisində (“Qala” Dövlət Tarix-Etnoqrafiya
Qoruğunun ərazisi istisna olmaqla) əmələgəlmə mənbəyindən asılı
olmayaraq bərk məişət tullantılarının, habelə digər təhlükəsiz bərk
tullantıların yığılması və daşınması Bakı Şəhər İcra Hakimiyyətinə
həvalə edilib.
Bu Fərman 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.