
Bakı. Trend:
Heydər Əliyev Mərkəzində distant formada keçirilən növbəti Çin
dili kurslarının birinci mərhələsini uğurla başa vuran 20 tələbəyə
sertifikatlar təqdim olunub.
Trend xəbər
verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə 2019-cu
ildən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan
Dillər Universitetinin nəzdindəki Konfutsi İnstitutunun və Pekin
Xarici Dillər Universitetinin birgə tərəfdaşlığı ilə UNEC-də
distant Çin dili kursları təşkil olunur. Üçüncü qəbul üzrə tədris
UNEC-də 2024-cü ilin dekabrından başlayıb.
Sertifikatların təqdim olunması mərasimində çıxış edən
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov
bildirib ki, 2019-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü və Leyla
Əliyevanın rəhbərliyi ilə başlanılan distant Çin dili kursları qısa
müddətdə böyük marağa səbəb olub. O deyib ki, müraciətlərin sayı
hər mərhələdə dəfələrlə artıb. Rektor vurğulayıb ki, kursların
distant formada keçirilməsi həm ölkə daxilində, həm də xaricdə
yaşayan azərbaycanlılar üçün geniş imkanlar açır.
Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla
çıxışında bildirib ki, qədim zamanlardan Çindən Qərbə doğru gedən
karvanlar təkcə ipək deyil, mədəniyyət, ədəbiyyat və sənət də
aparırdılar. Onun sözlərinə görə, Azərbaycan da bu mədəni
mübadilənin bir parçası olub, buradan da Çinə ədəbi və mədəni
nümunələr gedib çıxıb. Bu səbəbdən dünya ədəbiyyatına baxanda Şərq
və Qərb ənənələrinin qarışıq, zəngin mənzərəsi ilə qarşılaşırıq.
Rektor vurğulayıb ki, Çin mədəniyyəti, dili, ədəbiyyatı, Konfutsi
və Lao Tszının yaratdıqları böyük fəlsəfi irs tələbələr üçün
öyrənilməli dəyərlərdir.
Tədbirdə çıxış edən kursun məzunları Turanə Kamalova və Aydan
Qurbanova diqqətə çatdırıblar ki, distant Çin dili kursları onların
həyatında yeni imkanlar açıb və gələcək fəaliyyətlərinə müsbət
təsir göstərib. Qeyd ediblər ki, bu proqram sayəsində həm şəxsi
inkişaf, həm də peşəkar fəaliyyət üçün vacib biliklər
qazanıblar.
Çıxışlarda, həmçinin bildirilib ki, dərslərə Azərbaycanın
müxtəlif regionlarından, eləcə də Çində və digər xarici ölkələrdə
yaşayan azərbaycanlılar da qoşula bilirlər. Şəhid ailələri, qazilər
və onların ailə üzvləri, eləcə də sosial cəhətdən həssas əhali
qruplarından olan şəxslərin təhsil haqları Heydər Əliyev Fondu
tərəfindən qarşılanır. Tədris müxtəlif yaş qruplarını əhatə edir.
İndiyədək ən gənc tələbənin 14 yaşı, ən yaşlı tələbənin isə 74yaşı
olub.
Heydər Əliyev Mərkəzində keçirilən tədbir zamanı həm də kurs
iştirakçılarının ifalarında Çin mədəniyyətini tərənnüm edən bədii
proqram təqdim olunub.