
Bakı.Trend:
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsinin təşkilatçılığı, Xankəndi şəhərində, Ağdərə və Xocalı
rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəliyinin dəstəyi ilə Xocalı və Xankəndi şəhərlərinə növbəti
infotur təşkil olunub.
Trend xəbər
verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə
Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının
Tədbirlər Planının icrası çərçivəsində təşkil edilən infoturda
müxtəlif peşə sahibləri iştirak ediblər:
“İnfotur iştirakçıları Xocalı və Xankəndi şəhərləri ilə tanış
olub, burada həyata keçirilən bərpa və quruculuq işləri, yaradılan
məşğulluq imkanları barədə ətraflı məlumatlandırılıblar. Bildirilib
ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, bu şəhərlərdə
genişmiqyaslı yenidənqurma tədbirləri həyata keçirilir,
infrastruktur bərpa olunur və burada yaşayan sakinlər üçün müasir
şərait yaradılır. İnfotur çərçivəsində iştirakçılar Qarabağ tekstil
fabrikinə baş çəkiblər. Onlara müəssisənin fəaliyyəti, iş şəraiti
və əmək resurslarının idarə edilməsi prinsipləri barədə ətraflı
məlumat verilib.
Qeyd edilib ki, daha sonra iştirakçılar Qarabağ Universitetində
olublar:
“Onlara burada yaradılmış təhsil infrastrukturu, tədris şəraiti
və qarşıdakı inkişaf planları haqqında məlumat verilib. İnfotur
iştirakçıları səfərin faydalı və maarifləndirici olduğunu qeyd
ediblər. Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı
çərçivəsində işğaldan azad edilmiş digər ərazilərə də infoturların
təşkili davam etdiriləcək”.