
Bakı. Trend:
BCC Akademiyasının proqramı çərçivəsində “Gələcək Karyeralar:
Necə Aktual, Hazır və Tələb Olunan Qalmaq Olar” mövzusunda panel
müzakirəsi baş tutub.
Trend xəbər
verir ki, tədbirdə gənclərin inkişafı, məşğulluq imkanları və
gələcək karyera perspektivləri müzakirə olunub.
Panelin spikerləri — Worley şirkətinin baş direktoru Aytan
Babayeva, BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar
Aslanbəyli və AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev
könüllülərlə öz təcrübələrini bölüşüb. Onlar karyera inkişafı ilə
bağlı tövsiyələr verib, eyni zamanda gənclərin suallarını
cavablandırıblar.
Qeyd edək ki, Azərbaycan Qran Prisi 2025 üçün könüllü qeydiyyatı
rekord göstərici ilə başa çatıb. Cəmi 48 saat ərzində 31 mindən çox
müraciət qeydə alınıb. Yarışda 2000-ə yaxın könüllünün iştirakı
gözlənilir.
BCC Akademiyası, könüllülərin şəxsi və peşəkar inkişafına dəstək
məqsədilə mütəmadi olaraq təlimlər və panellər təşkil edir. Bu
tədbirlərin əsas məqsədi gəncləri gələcək karyeralarına hazırlamaq,
onların peşəkar bacarıqlarını artırmaq və əmək bazarında daha
rəqabətədavamlı olmalarına şərait yaratmaqdır.