
Bakı. Trend:
Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə
müsabiqənin müsahibə mərhələsinin nəticələri barədə məlumat
namizədlərin şəxsi səhifələrinə göndərilib.
Bu barədə Trend-ə Təhsil İnstitutunun İnsan Resusları
Mərkəzindən məlumat verilib.
Bildirilib ki, müsahibələrdə uğur qazanan namizədlər 3 sentyabr
saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin,
ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin
surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd 3×4
formatında fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun
şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış)
aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər:
“Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən
təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlərə
sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq
çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.
Çıxarışını təsdiq etməyən, müsahibə mərhələsində uğur
qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən şəxslərin
növbəti turlarda iştirakı təmin olunmayacaq.
Müsahibə mərhələsində uğur qazanmayan namizədlər 29 avqust saat
18:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq apellyasiyaya
müraciət edə bilərlər. Apellyasiya müraciətlərinin qəbulu 1
sentyabr saat 18:00-da başa çatacaq.
Qeyd edək ki, müsahibələrin onlayn formatda təşkili nəzərdə
tutulub. Bunun üçün namizədlər şəxsi səhifələrinə daxil olaraq
müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq
xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər. Qeydiyyat zamanı
elektron poçt ünvanını düzgün qeyd etməyən və elektron ərizəsini
təsdiqləməyən namizədlərin apellyasiya müraciəti təmin
olunmayacaq.
Nəzərinizə çatdırırıq ki, yaxın günlərdə onlayn apellyasiya
müsahibələrinin keçiriləcəyi tarix barədə əlavə məlumat
veriləcək”.

