Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür

Baş səhifə

Bakı. Trend:

16 iyul 1945-ci ildə ilk nüvə sınağının keçirilməsindən sonra
planetimizdə iki mindən artıq nüvə partlayışı baş verib. İlk
illərdə bu sınaqların insan həyatı və ətraf mühit üçün dağıdıcı
nəticələri nəzərə alınmasa da, tarix göstərdi ki, nüvə
partlayışları uzunmüddətli və fəlakətli təsirlər yaradır.

Trend xəbər verir ki, BMT Baş Assambleyasının 2009-cu il 2
dekabr tarixli 64/35 saylı qətnaməsi ilə 29 avqust Nüvə sınaqlarına
qarşı mübarizə günü elan edilib.

Nüvə sınaqlarına tam qadağa qoymağı hədəfləyən əsas beynəlxalq
sənəd 1996-cı ildə qəbul edilmiş Nüvə sınaqlarının hərtərəfli
qadağan edilməsi haqqında müqavilə olsa da, sənəd hələ qüvvəyə
minməyib. 187 dövlət müqaviləni imzalayıb, 178-i isə ratifikasiya
edib.




BMT Baş katibi “Ortaq Gələcəyimizi Qorumaq” adlı gündəliyində
vurğulayıb ki, qətnamə həm nüvə silahlarının yayılmasının qarşısını
almaq istiqamıətində mühüm alət hesab edilir və müqaviləni hələ də
ratifikasiya etməyən dövlətləri tezliklə buna nail olmağa
çağırıb.

Qeyd edək ki, Fransa əsarətində saxladığı müstəmləkə
ərazilərində həyata keçirilən sınaqlar da daxil olmaqla 1960-cı
ildən bəri təxminən 210 nüvə sınağı həyata keçirmişdir. Bu sınaqlar
insan və ətraf mühitə güclü zərbə dalğası, istilik şüalanması və
radioaktiv çirklənmə kimi dağıdıcı təsirlər göstərmişdir. Fransanın
həyata keçirdiyi nüvə sınaqları beynəlxalq ictimaiyyət və müxtəlif
təşkilatlar tərəfindən bir neçə sənəd və platforma vasitəsilə
qınanmışdır. Xüsusilə BMT və beynəlxalq nüvə nəzarət qrupları
Fransanın Polineziyadakı nüvə sınaqlarını qanunsuz hesab etmiş, bu
sınaqların mənfi təsirlərinə görə rəsmi üzrxahlıq və təzminat tələb
etmişlər. Bu mövzu ilə bağlı müxtəlif beynəlxalq konfranslar və
seminarlar da təşkil olunmuş, o cümlədən COP29 kimi tədbirlərdə
Fransa nüvə sınaqlarının mənfi sosial və ekoloji təsirləri
qınanmışdır. Müstəmləkə ərazilərində yaşayan xalqlar hələ də Fransa
tərəfindən mənfi təsirlərin tanınmaması və lazımi kompensasiyanın
ödənilməməsi məsələsində narazılıqlarını ifadə edir. Bu sənədlər və
qınamalar əsasən insan hüquqları, ekoloji mühafizə və beynəlxalq
hüquq çərçivəsində aparılır