
Bakı. Trend:
Rusiya Dövlət Dumasının müdafiə komitəsinin üzvü Andrey
Kolesnikin Prezident İlham Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə
bağlı beynəlxalq hüquqa və ədalətə əsaslanan prinsipial mövqeyini
“siyasi konyunktura” adlandırması, əslində Rusiya siyasətində
yaranmış ümidsiz perspektivin və təcrid olunmuş vəziyyətin
göstəricisidir. Azərbaycan Respublikasının bu mövqeyi beynəlxalq
birliyin mütləq əksəriyyətinin mövqeyi ilə üst-üstə düşür və
beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinə əsaslanır.
Ermənistanın məhz havadarlarının siyasi və hərbi dəstəyi ilə
ərazilərimizi 30 il müddətində işğal altında saxlamasından əziyyət
çəkən bir dövlət kimi Azərbaycan müstəqilliyinin ilk günündən ərazi
bütövlüyü, suverenliyin qorunması və beynəlxalq sərhədlərin
toxunulmazlığı prinsiplərinin ardıcıl müdafiəçisi kimi çıxış edir.
Məhz Azərbaycan Prezidentinin hərbi, siyasi və diplomatik bacarığı
və düşünülmüş strategiyası sayəsində bu hərbi işğala son qoyuldu,
regionda yeni siyasi reallıq və təhlükəsizlik mühiti yarandı.
Andrey Kolesnikin “Rusiyanın tək etibarlı müttəfiqi ordu və
donanmadır” fikri, əslində, Rusiyanın niyə regional və beynəlxalq
səviyyədə etimad itkisi yaşadığının göstəricisidir. Əgər deputat
diplomatik münasibətləri və tərəfdaşlıqları yalnız hərbi güclə
ölçürsə, bu, artıq ciddi bir siyasi böhranın əlamətidir. Görünür,
bəziləri hələ də beynəlxalq hüququ hərbi müdaxilə və işğalın
qarşısında heçə sayan sovet düşüncəsindən xilas ola bilməyiblər.
Əgər Rusiya Federasiyasında bəzi siyasətçilər Azərbaycan
rəhbərliyinin suveren, prinsipial və müstəqil siyasətindən
narahatdırsa, bu artıq onların düşüncə və yanaşmasından irəli gələn
problemdir.
Azərbaycan Rusya Federasiyası da daxil olmaqla bütün
tərəfdaşlarla öz münasibətlərini qarşılıqlı hörmət, faydalı
əməkdaşlıq və beynəlxalq hüquqün prinsipləri üzərində qurur.
Beynəlxalq siyasi müstəvidə güclü mövqeyi və nüfuzu ilə seçilən
Azərbaycan Lideri heç bir ölkənin təsiri altında olmayan və milli
maraqları əsas götürən siyasət yürüdür. Bu siyasət regionda və daha
geniş coğrafi arenada sabitliyə və bərabərhüquqlu tərəfdaşlığa
xidmət edən sülh siyasəti kimi beynəlxalq birlik tərəfindən təqdir
edilir.
Rizvan Nəbiyev,
Milli Məclisin deputatı

