
Bakı. Trend:
ABŞ Dövlət Departamentinin saytında Amerika Birləşmiş Ştatları
və Azərbaycan Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında
Xartiyanın hazırlanması üçün Strateji İşçi Qrupun yaradılması ilə
bağlı Amerika Birləşmiş Ştatları Hökuməti və Azərbaycan
Respublikası Hökuməti arasında Anlaşma Memorandumunun mətni dərc
olunub.
Trend-in
məlumatına görə, sənədin mətnində deyilir:
“ABŞ Hökuməti və Azərbaycan Respublikası Hökuməti (bundan sonra
“İştirakçılar” adlandırılacaq) aşağıdakı razılıqlara gəliblər:
I. Məqsəd
Bu Anlaşma Memorandumunun (bundan sonra – “AM”) məqsədi enerji,
ticarət və tranzit sahələrinə diqqət yetirən strateji işçi qrupunun
yaradılmasıdır. İşçi qrupu İştirakçılar arasında strateji
əlaqələrin möhkəmləndirilməsinə yönələn altı aylıq müddətə Xartiya
hazırlayacaq.
II. Əməkdaşlıq Sahələri
İştirakçılar bir sıra sahələrdə əməkdaşlıq etməyi nəzərdə tutur,
o cümlədən:
* Enerji sərmayələrinin və regional əlaqəlilik infrastrukturunun
genişləndirilməsi;
* Müdafiə və antiterror əməkdaşlığının gücləndirilməsi;
* Regional iqtisadi və ticarət əməkdaşlığının inkişaf
etdirilməsi;
* Süni intellekt üzrə tərəfdaşlıqların və rəqəmsal infrastruktur
sərmayələrinin inkişafı.
III. Ümumi Şərtlər
1. Bu Anlaşma Memorandumu İştirakçılar tərəfindən imzalandığı
gündən qüvvəyə minir və bir (1) il müddətində qüvvədə qalır.
İştirakçılar qarşılıqlı razılıqla onun müddətini uzada bilərlər.
Hər hansı bir İştirakçı yazılı bildirişlə digər İştirakçıya altmış
(60) gün əvvəl məlumat verməklə iştirakını dayandıra bilər.
Bildiriş diplomatik kanallar vasitəsilə çatdırılır.
2. Layihələrin müddəti: Əksinə qərar qəbul edilmədikcə, bu
Anlaşma Memorundumun dayandırılması artıq başlanmış və davam edən
layihələrə və fəaliyyətlərə təsir göstərmir.
Dəyişikliklər: İştirakçılar qarşılıqlı yazılı qərarla bu
Memorandumu dəyişdirilə bilərlər.
Memorandumun təsiri: Bu Memorandum beynəlxalq hüquq və ya daxili
qanun üzrə heç bir hüquq və öhdəlik yaratmır. İştirakçılar bu
Memorandumun maliyyə öhdəliyi daşımadığını xüsusi olaraq qəbul
edirlər. İştirakçılar öz əlahiddə və unikal missiya və
mandatlarını, məsuliyyət və hesabatlılıqlarını qoruyub saxlamaq
niyyətindədirlər. Bu Memorandum çərçivəsində İştirakçılar arasında
əməkdaşlığın tərəfdaşlıq və ya digər hüquqi şəxs və ya qurum kimi
təfsir edilməsi nəzərdə tutulmur. Hər bir İştirakçının bu
Memorandumla bağlı çəkdiyi bütün xərcləri özü tərəfindən
qarşılaması gözlənilir. İştirakçılar bu Memorandumu İştirakçılar
arasında bu Memorandum imzalanmazdan əvvəl və ya sonra bağlanmış
razılaşmalara xələl gətirmədən icra etmək niyyətindədirlər. Bu
Memorandumda heç nəyin eksklüziv işçi münasibəti kimi təfsir
edilməsi nəzərdə tutulmur.
Vaşinqton şəhərində, 8 avqust 2025-ci il tarixində, ingilis
dilində iki orijinal nüsxədə imzalanıb”.