Xaçmazda tələbə adını qazanan şəhid övladları və 600-dən yüksək bal toplayan məzunlarla görüş keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətində “Konstitusiya və Suverenlik
İli” çərçşivəsində tələbə adını qazanan şəhid övladları və 600
baldan yuxarı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul
olan məzunlarla görüş keçirilib.

Trend xəbər
verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev görüşdə
tələbə adını qazanan məzunları, onların valideynlərini və
müəllimlərini təbrik edib. Gənclərə biliklərə dərindən yiyələnməyi,
Vətənə sadiq vətəndaş olmağı tövsiyə edib.

Bildirib ki, ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı
nəticəsində Azərbaycanda müasir təhsil sistemi yaradılıb və hazırda
bu siyasət prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban xanım Əliyeva təhsil sahəsini hər zaman diqqətdə saxlayır,
bu sahənin inkişafı üçün öz töhfəsini verir. Təhsil ocaqlarının
maddi-texniki bazası möhkəmləndirilir, yeni məktəb binaları, əlavə
tədris korpusları inşa edilir, mövcud məktəblərdə əsaslı təmir
işləri aparılır.




Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev
rayonda təhsilin inkişafı istiqamətində görülən işlərdən və əldə
olunan uğurlardan danışıb. Qeyd edib ki, bu il Xaçmaz rayonu üzrə
33 məzun tam orta məktəbi fərqlənmə atestatı ilə bitirib. Dövlət
İmtahan Mərkəzi tərəfindən keçirilən ali təhsil müəssisələrinə
qəbul imtahanlarında 19 nəfər 600-dən yüksək bal toplayıb.
Ümumilikdə 650 məzun tələbə adını qazanıb.

Müəllimlər və məzunlar təhsilin inkişafına göstərilən diqqət və
qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonda tələbə adını qazanan şəhid övladları və 600 baldan yuxarı
nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan məzunlara
fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub, xatirə şəkli
çəkdirilib.