Xankəndidə işəgötürənlərlə görüş olub

Baş səhifə

Bakı. Trend:

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq
Agentliyinin Qarabağ Regional Məşğulluq Filialının birgə
təşkilatçılığı ilə Xankəndidə işəgötürənlərlə görüş təşkil
olunub.

Nazirlikdən Trend-ə bildirilib ki, agentliyin nümayəndələrinin,
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında fəaliyyət
göstərən sahibkarların iştirakı ilə keçən görüş işğaldan azad
edilmiş ərazilərdə məşğulluq imkanlarının artırılması,
sahibkarlarla əməkdaşlığın gücləndirilməsi məsələlərinin
müzakirəsinə həsr edilib.

Dövlət Məşğulluq Agentliyinin fəaliyyət sahələri, məşğulluq
proqramları və sahibkarlara təqdim olunan dəstək mexanizmləri
barədə ətraflı məlumat verilib. Xankəndi şəhərində, Ağdərə və
Xocalı rayonlarında sahibkarlıq üçün geniş imkanların mövcud
olduğu, sahibkarlara dövlət tərəfindən hərtərəfli dəstək
göstərildiyi vurğulanıb.




“Böyük Qayıdış” Proqramı çərçivəsində doğma yurdlarına köçürülən
sakinlərin məşğulluğunun təminatı sahəsində aparılan işlər nəzərdən
keçirilib. Bildirilib ki, sakinlərin sosial rifahının
yaxşılaşdırılması və onların iqtisadi fəallığının artırılması
dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Görüşdə əməkdaşlığın gücləndirilməsi, yeni iş yerlərinin
yaradılması, sakinlərin məşğulluğunun təminatı istiqamətlərində
görüləcək birgə işlər müzakirə olunub, işəgötürənlərin təklifləri
dinlənilib.