İKZF 213,5 milyon manatlıq yeni yaşayış sahələri alır

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu (İKZF)
satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələri
alır.

Trend-in
məlumatına görə, fond artıq bununla bağlı müvafiq işlərə yekun
vurub.

Belə ki, İKZF yaşayış sahələrinin satın alınması ilə əlaqədar “Mirvari City” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə müqavilə
bağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 213,5 milyon manat ödənilib.

Məlumatda bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 25 yanvar tarixli 488 nömrəli Fərmanı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış
sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”na uyğun
olaraq vətəndaşların yaşayış sahəsi ilə təmin edilməsi məqsədilə
yaşayış sahələrinin satın alınması nəzərdə tutulur.




Qeyd edilib ki, vətəndaşların tələbatı nəzərə alınaraq yaşayış
sahələrinin satın alınması Sumqayıt şəhər inzibati ərazisi və ona
birbaşa həmsərhəd olan Abşeron rayonunun tərkibində yerləşən
yaşayış massivləri üzrə həyata keçiriləcək.

“İştirakçılar tərəfindən satınalma predmetinin ümumi həcmindən
daha az həcmdə yaşayış sahəsi təklif edildikdə satınalan təşkilat
bu təkliflər üzərindən qiymətləndirmə edərək qalibi müəyyən edir.
Bu halda təchizatçıların təqdim edəcəyi yaşayış sahələrinin ümumi
sahəsi 50000 kv.m-dən az olmamalıdır”, – deyə məlumatda
vurğulanıb.

Alınacaq yaşayış sahələri 100 min kvadrat metr (m²) həcmində
olacaq.

Qeyd edək ki, satmaq öhdəliyi ilə kirayə mexanizmi vətəndaşlara
əvvəlcə kirayəçi kimi mənzildə yaşamaq, daha sonra isə onu öz
mülkiyyətinə keçirmək imkanı yaradır. Yəni vətəndaş aylıq ödəniş
etməklə həm evdə yaşayır, həm də tədricən mənzil sahibi olur.
Fondun yeni əraziləri satın alması isə gələcəkdə bu mexanizm
çərçivəsində daha çox mənzillərin vətəndaşlara təqdim edilməsi
imkanı yaradacaq.