
Bakı. Trend:
Avqustun 30-u Beynəlxalq İtkin Düşmüş Qurbanlar Günü və ya
Beynəlxalq İtkinlər Günüdür.
Trend xəbər
verir ki, bu gün 2010-cu il dekabrın 21-də BMT-nin Baş Məclisi
tərəfindən təsis edilib.
İtkin düşmək əsasən terror, siyasi müharibələr və ya diktatura
rejimlərində insanların zorla qaçırılmasıdır. Çox təəssüf ki,
hazırda zorla qaçırılma qlobal problemə çevrilib.
Bu günün qeyd olunması hüquqları pozulmuş itkinlərin taleyi
haqqında ictimaiyyətin maarifləndirilməsi məqsədini daşıyır.
Beynəlxalq İtkinlər Günü bir sıra dövlətlər, beynəlxalq və
qeyri-hökumət təşkilatları itkinlərin taleyinə hər kəsin diqqətini
cəlb etmək üçün müxtəlif tədbirlər keçirir.
Uzun illər işğala məruz qalan ölkə olaraq itkin düşmüş şəxslərlə
bağlı problem Azərbaycandan da yan keçməyib. Ermənistanın ötən 30
il ərzində Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz
nəticəsində minlərlə soydaşımız itkin düşüb və bu günədək onların
taleləri haqqında məlumat yoxdur.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı həmin ölkə
tərəfindən bir çox beynəlxalq hüquq normaları, o cümlədən humanitar
hüququn tələbləri kobud şəkildə pozulub. Müharibə qaydalarına zidd
olaraq, mülki əhali qorunmayıb, əksinə onlar girov götürülüb və bir
çox hallarda öldürülüb. Əsir və girovlara ağlasığmaz işgəncələr
verildikdən sonra onlar öldürülüb və işgəncələrin izlərinin
itirilməsi məqsədilə meyitləri belə Azərbaycana təqdim
edilməyib.
Azərbaycan itkin düşmüş vətəndaşlar və onların ailə üzvləri ilə
bağlı beynəlxalq hüquq və milli qanunvericiliyin tələblərinə uyğun
olaraq bütün müvafiq tədbirləri həyata keçirir. Ölkədə Əsir və
itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət
Komissiyası fəaliyyət göstərir. Komissiya əsir və girov götürülmüş
şəxslərin Vətənə qaytarılması, itkin düşənlərin axtarılması ilə
əlaqədar tədbirlər həyata keçirir. Bu sahədə müvafiq dövlət
orqanlarının, ictimai və beynəlxalq təşkilatların fəaliyyətini
əlaqələndirir, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlar
haqqında məlumatları toplayır, bu məlumatların qeydiyyatını və
sistemləşdirilməsini təmin edir və Komissiyaya həvalə olunan digər
vəzifələri həyata keçirir.
Rəsmi məlumata əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi
təcavüzü nəticəsində itkin düşmüş, əsir-girov götürülmüş 4000-dək
şəxs var ki, bunlardan da 71-i uşaq, 284-ü qadın, 316-sı ahıl
şəxslərdir.
2020-ci ildə 44 günlük müharibədən və 2023-cü ildə həyata
keçirilmiş antiterror tədbirlərindən sonra işğaldan azad olunmuş
ərazilərdə itkin vətəndaşlarımıza aid məzar yerlərinin
müəyyənləşdirilməsi, zəruri qazıntı və ekshumasiya işlərinin
aparılması Prezident İlham Əliyevin Əsir və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının qarşısında
qoyduğu ən ümdə vəzifədir. Bu məqsədlə 2021-ci ilin fevral ayından
etibarən həmin ərazilərdə itkin düşmüş şəxslərə aid edilən məzar
yerlərinin axtarışı, qazıntısı, ekshumasiya və aşkarlanmış meyit
qalıqlarının eyniləşdirilməsi prosesinə intensiv şəkildə
başlanılıb. Azərbaycanın müvafiq dövlət qurumlarının gördüyü
tədbirlər nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş
bəzi şəxslərin taleyinə aydınlıq gətirilib. Təəssüflər olsun ki,
Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini
yerinə yetirməyərək, digər kütləvi məzarlıqların dəqiq yerləri
barədə məlumatları da ölkəmizə təqdim etmir, nəticədə uzun illərdir
öz doğmalarından xəbər ala bilməyən ailə üzvləri iztirablar
çəkməkdə davam edirlər.
Son illərdə aparılan axtarış-qazıntı, eyni zamanda, eyniləşdirmə
prosesi nəticəsində 200-ə yaxın vətəndaşın taleyinə aydınlıq
gətirilib.
Hazırda Vətən müharibəsində itkin düşmüş 6 Azərbaycan
hərbçisinin axtarışları da davam etdirilir.