Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi ədaləti bərpa etdi

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə”
telekanalına verdiyi müsahibədə qeyd etmişdir ki, “44 günlük Vətən
müharibəsi nəticəsində Azərbaycan ədaləti, beynəlxalq hüququ və öz
ləyaqətini bərpa etdi, torpaqlarını geri qaytardı”. Baxmayaraq ki,
Azərbaycan tarixə qovuşan münaqişəni diplomatik yollarla həll
olunmasına çalışırdı, bu səylər beynəlxalq səviyyədə hökm sürən
ikili standartlar və selektiv yanaşmalarla üzləşdi. BMT-nin
Təhlükəsizlik Şurasının və Baş Assambleyanın Qarabağla əlaqədar
qəbul etdiyi qətnamələrdə erməni işğalçı qüvvələrin Azərbaycan
ərazisindən “dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması”, heç bir
dövlət tərəfindən işğal nəticəsində yaranmış vəziyyətin tanınmaması
və belə vəziyyətin davam etməsinə səy göstərməməsi və s. mühüm
müddəaların əksini tapmaşına rəğmən, ATƏT-in Minsk qrupu milli
maraqlarımıza cavab verməyən status quo-nun saxlanılmasına
çalışırdı. Beynəlxalq təşkilatların fəaliyyətsizliyi fonunda
Ermənistan sil-silə silahlı təxribatlar törədərək, Azərbaycanı yeni
müharibə ilə hədələyirdi. Bu cür şəraitdə Azərbaycan bütün
məsələləri BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq
özünümüdafiə hüququndan istifadə etməklə həll etdi və düşməni
kapitulyasiya aktına imza atmağa məcbur etdi.

Xatırlatmaq istərdim ki, İkinci Dünya müharibəsindən sonra
formalaşan və Birləşmiş Millətlər Təşkilatının təsis sənədinə
əsaslanan beynəlxalq hüquqi rejimə uyğun olaraq, hərbi güc
tətbiqinin iki qanuni forması mövcuddur: 1) beynəlxalq sülhün və
təhlükəsizliyin qorunması və ya bərpası üçün BMT-nin Təhlükəsizlik
Şurasının qətnaməsinə əsasən həyata keçirilən kollektiv tədbirlər;
2) BMT üzvünün hərbi hücuma cavab olaraq fərdi və ya kollektiv
özünümüdafiə hüququndan istifadəsi. Ərazi bütövlüyünün bərpası və
ölkənin beynəlxaql sərhədləri çərçivəsində konstitusiya-hüquq
qaydasının təmin edilməsi Azərbaycanın suveren hüququ idi və
beynəlxalq hüququn hamılıqla tanınan təməl prinsiplərinə uyğun
olaraq, dövlətimiz zəruri özünümüdafiə tədbirlərini həyata
keçirərək, tarixi ədaləti bərpa etdi.

Nizami Səfərov,

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin üzvü