
Bakı. Trend:
Avqustun 30-da – Beynəlxalq İtkin Düşmüşlər Günündə “Qarabağ
İtkin Ailələri” İctimai Birliyi Cenevrədə BMT-nin Avropa ofisinin
yerləşdiyi “Millətlər sarayı” meydanında silahlı zorakılığın bütün
formalarından əziyyət çəkən insanların fəryadını təcəssüm etdirən
rəmzi “Sınıq stul” abidəsi qarşısında aksiya keçirib.
Trend xəbər
verir ki, aksiyada azərbaycanlı itkinlərin şəxsi əşyaları,
sənədləri sərgilənib, onların həyat hekayələrini izah edən, onların
dili ilə insanlığa xitab edən şüarlardan ibarət orijinal
kompozisiya təşkil edilib.
“Mənim üçün zaman dayanıb, fərqində olan
varmı?”
Saatı nümayiş etdirilən itkin Zahid Qasımov barədə “Mənim üçün
zaman dayanıb, fərqində olan varmı?” (“My time stopped! Who
noticed?”), xatirə kimi ancaq şərfi qalmış itkin Qürbət Həsənov
barədə “Dünyada heç bir şərf məni isidə bilməz” (“No scarf warms
me”), köynəyi, əlyazması nümayiş etdirilən itkin Telman Yusifov
barədə “Mənim hekayəm başa çatmayıb” (“My story has no end”) kimi
şüarlar yazılıb.
“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül
Behbudova itkin qardaşı Abbas Behbudovun sənədlərini göstərərək
əlində “Sənədlər buradadır, həyat isə itib” (“Documents are here,
life is missing”) şüarını tutub. İtkin İlham Dadaşovun anası Elmira
Dadaşova “Yoxa çıxmaq üçün deyil, yaşamaq üçün doğulmuşdu” (“Born
to live, not to disappear”), itkin Şahin Əliyevin anası Mahuru
Şahin “Nə arzular yarımçıq qaldı” (“Countless dreams — all
unfinished”) şüarları ilə övladlarının fotolarını nümayiş etdirib.
İtkin Azad Cabbarovun həyat yoldaşı Fəridə Cabbarova həyat
yoldaşından qalmış 2 nərd zərini sərgiləyərək “Ümid bu zər daşları
qədər kiçilib” (“Hope is as tiny as these dice”) şüarı ilə illərdir
xəbər gözlədiyini, tükəndiyini ifadə edib. “Reyhan, sevgilim…
Ancaq sükutum sənə çatır” (“Reyhan, my love… only my silence
reaches you?”) şüarı itkin Səxavət Canıyevin həyat yoldaşı Reyhan
Canıyevaya həsr edilib. İtkin Oqtay Məmmədovun həyat yoldaşı
Pərvanə Məmmədova isə “Diplomlar, arzular… – əvəzində illərin
səssizliyi” (“Diploma, dreams… but suddenly, the silence of
ages”) şüarını nümayiş etdirib.
“Məmmədovlar – itmiş ailə: məzar da yoxdur, səda da
gəlmir”
Qutuların birinə isə heç bir əşya qoyulmayıb. Bu qutu 1992-ci il
Xocalı soyqırımında tamamilə məhv olmuş Məmmədovlar ailəsinin
xatirəsinə həsr edilib: “Məmmədovlar – itmiş ailə: məzar da yoxdur,
səda da gəlmir” (“The Mammadovs — a lost family. No graves, but
only echoes”).
Aksiyada digər itkinlər – Natiq Məlikov, İxtiyar Məmmədov,
Bafadar Mirzəyev, Feyruz Cəlilov, Şirindil Həsənquliyev, İsmayıl
İsmayılov, Etibar Əhmədov, Əliyar Əliyev, Əbülfət Əliyev, Telman
Mustafayev, Şahin Əliyev, Aydın Kərimov, Təyyar Ağayev və başqaları
barədə də təsirli mesajlarla insanlığa xitab edilib.
Beynəlxalq Qırmızı Xaç Komitəsinə inam
azalır
Aksiya böyük maraqla qarşılanıb, Cenevrə sakinləri müvafiq “QR”
kod vasitəsilə itkinlər barədə ətraflı məlumatlarla tanış olub.
Dinc aksiya zamanı insanlar azərbaycanlı itkin ailələrinə
yaxınlaşaraq, onlara təsəlli verməyə çalışıb.
Qeyd edək ki, bu azərbaycanlı itkinlərin ailə üzvlərinin xarici
ölkədə ilk aksiyasıdır. Bundan əvvəl – avqustun 28-də “Qarabağ
İtkin Ailələri” İctimai Birliyinin müraciətinə ilk dəfə BMT
səviyyəsində reaksiya verilib, azərbaycanlı itkinlərin ailə üzvləri
BMT-də qəbul edilib, onlar Cenevrədə BMT-nin İnsan Hüquqları üzrə
Ali Komissarlığının (OHCHR – The Office of the High Commissioner
for Human Rights) Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin (CED –
Committee on Enforced Disappearances) Katibliyi ilə görüşüb.
Görüşdə itkin ailələri Beynəlxalq Qırmızı Xaç Komitəsinin onların
doğmalarından xəbər gətirəcəyinə inamlarının ciddi zədələndiyini
qeyd edib, itkin düşmüş şəxslər probleminin qlobal mahiyyətli
olduğunu, BMT-nin itkin düşmüş şəxslər üzrə xüsusi məruzəçisi
institutunun yaradılmasına böyük ehtiyac olduğunu diqqətə
çatdırıblar.
3990 nəfər itkin
Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü
nəticəsində 3990 nəfər Azərbaycan vətəndaşının itkin düşüb,
onlardan 6 nəfəri 2020-ci ildə 44 günlük müharibə zamanı itkin
düşənlərdir. İtkinlər içərisində 71 nəfər uşaq, 284 nəfər qadın,
316 nəfər ahıl şəxs var. Beynəlxalq humanitar hüququn və onun əsas
mənbəyi olan 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının
tələblərinə əsasən, silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər
barədə onların ailələrinin məlumat almaq haqqı birmənalı şəkildə
tanınır. Cenevrədə aksiya zamanı azərbaycanlı itkin ailələri bu
hüquqlarına hörmətlə yanaşılmasını istəyiblər.
İtkin ailələri Ermənistanı müharibə canilərini cəzalandırmağa
çağırıb, bildiriblər ki, Ermənistanda Azərbaycana qarşı müharibə
cinayətləri törətmiş şəxslərdən bir nəfər də hələ məsuliyyətə cəlb
olunmayıb, əksinə, müxtəlif vaxtlarda Ermənistan cəmiyyətində
onlardan saxta qəhrəman obrazları düzəldilib.
İtkin ailələrinin üzvləri diqqətə çatdırıblar ki, 2020-ci ildən
ötən 5 il ərzində işğaldan azad edilmiş ərazilərdə 28 kütləvi
məzarlığın aşkarlanması dəhşətli mənzərədir, insanların kütləvi
halda qətl edilərək qeyri-insani qaydada basdırılması və izlərinin
itirilməsi, bütün insani dəyərlərə hörmətsizlik, vəhşilikdir.
Xatırladılıb ki, bir sıra hallarda insanlar ailə üzvləri və
yaxınları ilə birlikdə itkin düşüb, bütöv ailələr və nəsillər məhv
edilib. I Qarabağ müharibəsində 61 ailənin 2-dən 7-dək üzvü itkin
düşüb, onların da heç birinin aqibəti bilinmir. “Qarabağ İtkin
Ailələri” İctimai Birliyi tələb edib ki, Ermənistan kütləvi
məzarlıqlarla əlaqədar xəritələri Azərbaycan tərəfinə təqdim
etməlidir.