Trend müasir dünya mediasına inteqrasiyanı uğurla həyata keçirir – Novruz Aslan

Baş səhifə

Bakı. Trend:

2025-ci il sentyabrın 1-də Trend BİA mühüm mərhələni –
yaranmasının 30 illiyini qeyd edir.

Bu illər ərzində Trend kiçik redaksiyadan Cənubi Qafqaz, Mərkəzi
Asiya və Xəzər regionunda mühüm hadisələri işıqlandıran, regionda
aparıcı və nüfuzlu çoxdilli agentliklərdən birinə çevrilib.

Komandanın peşəkarlığı və rəqabət qabiliyyəti sayəsində agentlik
bütün dünyada siyasətçilər, diplomatlar və işgüzar dairələr
arasında tanınıb. Trend BİA üçün növbəti addım Avropa və Asiya
media bazarlarında işləməkdir. Artıq Türkiyə və Avropa ölkələrində
lazımi platformalar yaradılıb və onların əsasında agentlik bu
regionlarda media üçün rəqabət yaratmaq niyyətindədir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət
vəkili Novruz Aslan
Trend-in 30 illiyi ilə bağlı
fikirlərini bölüşüb:

O bildirib ki, Trend müasir dünya mediasına inteqrasiyanı uğurla
həyata keçirir:

“Azərbaycan azad sözə, plüralizmə, əxlaqi-mənəvi
maarifləndirməyə, ümummilli maraqların ifadəsinə, dürüst gündəlik
xəbərlərə olan təlabat milli mətbuatımız tərəfindən ödənilir.
Müstəqil, qərəzsiz, doğru-dürüst informasiyanın operativ
çatdırılması, həmçinin, dözümlülük, rəngarənglik və başqalarından
fərqlənməyi özünün əsas prioriteti kimi qəbul edən «Trend
İnformasiya Agentliyi» bu illər ərzində oxucuların dərin rəğbətini
qazanıb.




Qloballaşan dünyamızda Elektron Kütləvi İnformasiya
vasitələrinin bolluğu şəraitində öz imicini saxlamaq, yeni-yeni
oxucu cəlb etmək çox çətindir. Lakin buna baxmayaraq, peşəkar,
müasir dünyanın mediasına inteqrasiya etməyi bacaran kollektivlə
Trend bunun öhdəsindən gəlmiş və daha da inkişaf edib. Agentliyin
keçdiyi şərəfli yol müasir Azərbaycan mediası tarixində xüsusi
çəkisi olan qurum olaraq, yeni fəaliyyətə başlayan elektron kütləvi
informasiya vasitələri üçün bir örnəkdir.

Məsuliyyətlə və fəxrlə deyə bilərik ki, Trend-in fəaliyyətində
nəinki Azərbaycan, bütövlükdə Xəzər regionunun siyasi, iqtisadi,
sosial hadisələri, Cənubi Qafqazın və Mərkəzi Asiya ilə bağlı
xəbərlər operativ olaraq işıqlandırılır və dünya arenasına çıxması
üçün bir etibarlı mənbə rolunu oynayır.

Fərəhli haldır ki, Trend-in 30 illik şanlı yubleyi Azərbaycan
Milli Mətbuatın 150 illik yubleyinin qeyd edildiyi bir vaxta
təsadüf edir.

Sizi və kollektivinizi bir daha bu əlamətdar gün münasibətilə
ürəkdən təbrik edir, hamınıza möhkəm can sağlığı, uzun ömür, milli
mətbuatımızın inkişafı naminə apardığınız şərəfli işinizdə tükənməz
enerji və yeni-yeni uğurlar arzulayıram”.