
Bakı. Trend:
Avqustun 30-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena
Qrononun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Trend xəbər verir
ki, bu barədə Naxçıvan Muxtar Respublikasında Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi məlumat
yayıb.
Qonağı qədim diyar Naxçıvanda salamlamaqdan məmnunluğunu ifadə
edən səlahiyyətli nümayəndə bildirib ki, Ermənistanın uzun illər
davam edən işğalçılıq siyasəti nəticəsində Naxçıvan Muxtar
Respublikası ölkənin əsas hissəsindən ayrı düşüb və quru nəqliyyat
əlaqələri kəsilib. Ötən illər ərzində işğal altında qalmış
ərazilərdəki mövcud nəqliyyat infrastrukturu, o cümlədən dəmir yolu
sistemi dağıdılıb. Bu baxımdan Ermənistanla münasibətlərin
normallaşdırılması istiqamətində əldə edilmiş nəticələr bölgə üçün
mühüm gələcək vəd edir.
Fuad Nəcəfli zəngin təbii resurslara malik olan Naxçıvanda
alternativ enerji, logistika və turizm sektorlarında mühüm
layihələrin icra olunduğunu diqqətə çatdıraraq müxtəlif sahələrdə
böyük investisiya perspektivlərinin olduğunu vurğulayıb.
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi
Maqdalena Qrono Vaşinqtonda Ermənistanla münasibətlərin
normallaşdırılması, sülh gündəliyi ilə bağlı əldə edilmiş mühüm
nəticələri yüksək qiymətləndirib. O, Naxçıvanın Avropa və Asiyanı
birləşdirəcək mühüm strateji mövqeyinə toxunaraq bu perspektivdə
geniş logistik-nəqliyyat layihələrinin icrasının region üçün
strateji əhəmiyyətini diqqətə çatdırıb.
Görüşdə Avropa İttifaqının regional bağlantılara, habelə
nəqliyyat dəhlizinin həyata keçirilməsi prosesinə dəstək verməsi
istiqamətində fikir mübadiləsi aparılıb.

