
Bakı. Trend:
Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un Baş
danışıqçısı Yalçın Rəfiyev Türkiyənin ətraf mühit, şəhərsalma və
iqlim dəyişikliyi nazirinin müavini Fatma Varankın dəvəti ilə
qardaş ölkəyə səfər edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Trend-ə bildirilib ki, səfər
çərçivəsində Y.Rəfiyev Paris Sazişi üzrə Türkiyənin “İkiillik
Şəffaflıq Hesabatı (BTR1) və Doqquzuncu Milli Bəyanat və İkinci
İkiillik Şəffaflıq Hesabatının (NC9/BTR2) hazırlanmasına dəstək
layihəsi” çərçivəsində Ankarada təşkil olunan seminarın açılışında
çıxış edib. O, COP29-da əldə olunmuş tarixi nəticələri vurğulayıb
və Paris Sazişi çərçivəsində dövlətlərin təqdim etməli olduqları
İkiillik Şəffaflıq Hesabatları mexanizminin uğurla işə düşməsində
Azərbaycan Sədrliyinin mühüm rolunu qeyd edib. Nəticədə, artıq 105
dövlətin bu hesabatları təqdim etdiyi, Azərbaycan və Türkiyənin isə
ilk təqdim edən ölkələrdən olduğu xüsusi olaraq diqqətə çatdırılıb.
O, həmçinin bildirib ki, Azərbaycanın iqlim şəffaflığına verdiyi
dəstək COP29 ilə məhdudlaşmayacaq. COP Sədrliyinin Fəaliyyət
Gündəliyi çərçivəsində elan edilmiş Bakı Şəffaflıq Platforması
gələcəkdə də dövlətlərin hesabatları və texniki icmallarının
hazırlanmasına beynəlxalq tərəfdaşlarla birlikdə dəstək
göstərəcək.
Səfər zamanı Y.Rəfiyev, həmçinin Türkiyənin ətraf mühit,
şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varank,
xarici işlər nazirinin müavinləri Ayşe Berris Ekinci və Nuh Yılmaz,
Türkiyə İqtisadi İnkişaf Agentliyinin (TİKA) sədri Abdullah Eren
ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə iqlim gündəliyində
duran məsələlər, Türkiyənin iqlim dəyişmələri ilə mübarizə
tədbirləri, COP30-a hazırlıq və iki ölkənin ortaq prioritetləri,
iqtisadi əməkdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində birgə
fəaliyyət və regional layihələr barədə müzakirələr aparılıb.
Xüsusilə BMT və digər təşkilatlar daxilində ortaq fəaliyyətin
məmnunluq doğurduğu qeyd olunub və gələcəkdə bu istiqamətdə
atılacaq müvafiq addımlar ətrafında fikir mübadiləsi aparılıb. TİKA
ilə Azərbaycan İnkişafa Yardım Agentliyi arasında əməkdaşlıq
məsələləri nəzərdən keçirilib.