
Bakı. Trend:
Şamaxı şəhərində keçirilən COP29 İqlim Dəyişmələri üzrə ikinci
Yay Düşərgəsinin dördüncü günü “Regional İnkişaf” İctimai Birliyi
tərəfindən iştirakçılar üçün təşkil olunan ekskursiyalar
çərçivəsində ilk olaraq, Dəmirçi kəndinə səfər edilib.
Trend xəbər verir
ki, burada iştirakçılar Arxeoloji Muzeyi ziyarət edərək bölgənin
qədim tarixi və mədəni irsi barədə ətraflı məlumat alıblar. Ardınca
düşərgə iştirakçılarının Alpaka fermasına ekskursiyası baş
tutub.
Dördüncü günün proqramı mədəniyyət axşamı ilə yekunlaşıb.
İştirakçılar arasında dostluq, qarşılıqlı anlaşma və mədəni
müxtəlifliyə hörmət mühitinin güclənməsi məqsədilə təşkil edilən
mədəniyyət axşamında müxtəlif ölkələrdən olan iştirakçılar öz
ölkələrinin tarixi, musiqisi və rəqsləri barədə təqdimatlar
ediblər. Bununla yanaşı, onlar milli atributlarını və müxtəlif
şirniyyatlarını təqdim edərək düşərgə iştirakçılarına öz
mədəniyyətlərini daha yaxından tanıtmaq fürsəti əldə ediblər.
Düşərgənin sonuncu günü “Regional İnkişaf” İctimai Birliyinin
əməkdaşları Şəfiqə Tağızadə və İlkin Əliyarlı tərəfindən buzqıran
oyunları keçirilməsi ilə başlanıb.
Sonra IRENA agentliyi tərəfindən iqlim dəyişikliyinin qarşısının
alınmasında bərpaolunan enerjinin rolu və ədalətli, inklüziv enerji
keçidi anlayışı ilə bağlı təlim sessiyası keçirilib.
Ardınca iqlim dəyişikliyi və ətraf mühit məsələləri ilə bağlı
məntiqi suallardan ibarət intellektual oyun təşkil edilib.
Günün sonunda baş tutan bağlanış mərasimində iştirakçılara
sertifikatlar təqdim olunub.
Düşərgə vida şam yeməyi ilə başa çatıb.