
Bakı. Trend:
Son illər Azərbaycan ilə Çin arasında münasibətlər
keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Bu prosesin əsas dayağı
Prezident İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin
arasında qurulmuş etibarlı dialoq və şəxsi tərəfdaşlıqdır. Liderlər
arasındakı qarşılıqlı anlaşma təkcə Bakı ilə Pekin arasında
ikitərəfli yaxınlaşmanı möhkəmləndirmir, həm də Avrasiyada
beynəlxalq proseslərə təsir edən mühüm amil kimi çıxış
edir.
Bazar günü ŞƏT sammiti ərəfəsində Tiencində keçirilən görüş də
bu reallığı bir daha təsdiqlədi. Danışıqlar dostluq və səmimiyyət
şəraitində keçdi, tərəflərin münasibətlərə strateji və uzunmüddətli
yanaşdığını ortaya qoydu. Si Cinpinin İlham Əliyevə ənənəvi olaraq
“əziz dostum” müraciəti etməsi, Azərbaycan Prezidentinin bu
əməkdaşlıqdakı xüsusi rolunu vurğuladı.
Çin lideri İlham Əliyevə ölkəsinin Yaponiya üzərində qələbəsinin
80 illiyi münasibətilə keçirilən ŞƏT-in Plyus sammiti və hərbi
paradda iştirakına görə təşəkkürünü bildirdi. Bu addım Azərbaycanın
Çinin tarixi yaddaşına hörmətini göstərməklə yanaşı, Bakının
Pekinin çoxtərəfli təşəbbüslərinə fəal inteqrasiyaya hazır
olduğunun da təsdiqi oldu.
Görüşün əsas mövzularından biri iqtisadi əməkdaşlıq idi. Bu ilin
yanvar-iyul aylarında Azərbaycan ilə Çin arasında ticarət
dövriyyəsi 2,5 milyard dollara çataraq ötən ilin eyni dövrü ilə
müqayisədə 26,7 faiz artıb. Azərbaycanın Çinə ixracı 4,5 dəfə
artaraq 53,3 milyon dollara yüksəlib, Çindən idxal isə 2 milyard
dolları ötüb. Bununla da Çin Azərbaycanın ən böyük mal
tədarükçüsünə çevrilib. Bu dinamika Azərbaycanın “Bir kəmər, bir
yol” təşəbbüsündə əsas həlqə kimi artan rolunu da əks etdirir. Orta
Dəhliz marşrutlarının ölkə ərazisindən keçməsi Pekinin Avropa
bazarlarına çıxışını təmin edir.
Enerji, yaşıl texnologiyalar, rəqəmsal sahə və süni intellekt
üzrə əməkdaşlıq da gündəlikdə mühüm yer tutur. Çin şirkətləri
Azərbaycanın bərpa olunan enerji layihələrinə böyük maraq
göstərirlər ki, bu da Bakının strateji prioritetləri ilə üst-üstə
düşür.
Siyasi müstəvidə Azərbaycan daim Çinin ərazi bütövlüyünü
dəstəkləyir, Tayvan, Honq-Konq və Sincan məsələlərində Pekinlə
həmrəyliyini ifadə edir. Çin isə Azərbaycanın ŞƏT çərçivəsində
rolunun gücləndirilməsini dəstəkləyir və bu, ölkəmizin regional
oyunçudan Avrasiyanın aparıcı proseslərinin iştirakçısına
çevrilməsi yolunu açır.
Beləliklə, İlham Əliyev və Si Cinpin arasında formalaşan
etibarlı tərəfdaşlıq Bakı-Pekin münasibətlərini sabit etimad və
qarşılıqlı fayda üzərində qurulmuş güclü ox halına gətirir. Bu
münasibətlər qlobal qeyri-müəyyənlik fonunda Avrasiyada
uzunmüddətli sabitlik və inkişafın dayanıqlı dayağına çevrilir.