
Tiencin. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun
31-də Çinin Tiencin şəhərində “China Energy Engineering Corporation
Limited” (“Energy China”) şirkətinin prezidenti və sədri vəzifəsini
icra edən Ni Cen ilə görüşüb.
Trend xəbər verir
ki, görüşdə ölkəmizlə, həmçinin SOCAR ilə bu şirkət arasında
alternativ və bərpaolunan enerji layihələrini əhatə edən səmərəli
əməkdaşlıqdan məmnunluq bildirildi.
Bu xüsusda, “Energy China”nın yaşıl enerji sahəsində, o cümlədən
Azərbaycanda günəş elektrik stansiyalarının, dənizdə külək enerjisi
stansiyalarının tikintisi sahəsində əməkdaşlığı vurğulandı.
Ni Cen ölkəmizdə yeni layihələr, o cümlədən tullantı sularının
təmizlənməsi, emalı və təkrar istifadəsi, su ehtiyatlarının idarə
edilməsi ilə bağlı əməliyyatların optimallaşdırılması, həmçinin su
hövzələrində fotovoltaik elektrik panellərinin birgə inşası
layihələrini həyata keçirməkdə maraqlı olduqlarını bildirdi.