
Tiencin. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun
31-də Çinin Tiencin şəhərində “CCCC” (“China Communications
Construction Company”) şirkətinin sədri Son Haylian ilə
görüşüb.
Trend xəbər verir
ki, görüşdə Azərbaycanla şirkət arasında əməkdaşlıq məsələlərinə
dair fikir mübadiləsi aparıldı, ölkəmizdə əlverişli investisiya
mühitinin yaradıldığı bildirildi.
Həmçinin Transxəzər nəqliyyat dəhlizinin inkişafı və Bakı
Beynəlxalq Dəniz Limanının ikinci mərhələsində bu şirkətin
iştirakına dair fikir mübadiləsi aparıldı.
Söhbət zamanı şirkətin fəaliyyət sahələrinə daxil olan
istiqamətlər – nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, o
cümlədən metro stansiyalarının tikintisi, avadanlıq istehsalı və
şəhər nəqliyyatının kompleks inkişafı ilə bağlı məsələlər müzakirə
olundu.
Son Haylian Abşeron yarımadasında göllərin təmizlənməsi və
bərpası ilə əlaqədar konseptual təkliflər təqdim edəcəklərini
bildirdi.
Görüşdə dünyanın mühüm nəqliyyat qovşağına çevrilmiş
Azərbaycanın nəqliyyat və tranzit potensialının daha da artırılması
üçün həyata keçirilən genişmiqyaslı layihələr barədə fikir
mübadiləsi aparıldı.

