Azərbaycanda taksi qiymətləri bahalaşıb? – AÇIQLAMA

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda bəzi taksi şirkətlərinin qısa məsafələr üçün
gedişhaqlarını artırmaları ilə bağlı məlumatlar yayılıb.
Məlumatlarda iddia olunur ki, taksi şirkətlərində minimal
gedişhaqqı 2,50 AZN-dən – 3,50 və hətta 4 manata qədər dəyişib.

Trend yayılan
məlumatlarla əlaqədar “Uber” şirkətinə sorğu ünvanlayıb.

Şirkətin mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib
ki, minimum gediş haqlarında dəyişiklik edilməyib.

“Tariflərin özləri, yəni ümumi gediş haqqını formalaşdıran
məbləğlər dəyişməyib. Lakin qiymətə yalnız seçilən tarif deyil, həm
də bir çox digər amillər təsir edir: səfərin vaxtı və məsafəsindən
tutmuş, xəttə çıxan azad sürücülərin sayına və gediş tələbatına
qədər”, – deyə məlumatda qeyd edilib.

Məsələ ilə bağlı “Bolt” şirkətinin Azərbaycandakı xidmətinin
rəhbəri N.Əzizov isə Trend-ə açıqlamasında bildirib ki, qiymət
siyasətlərində hər hansı bir dəyişiklik və minimum qiymətdə artım
yoxdur.




O, taksi xidmətlərinin dinamik qiymət prinsipi əsasında
işlədiyini vurğulayıb: “Ona görə də tələb və təklif arasında
balanssızlıq olduqda, pik əmsallardan istifadə edərək, ride-hailing
xidmət alqoritmləri onu balanslaşdırır. Bu o deməkdir ki, tələbin
(sifarişçilərin sayı) çox sürətlə artdığı və təklifi (sürücülərin
sayını) üstələdiyi bir şəraitdə səfərin yekun dəyəri də arta bilər.
Vaxt keçdikcə tələb və təklif balansı bərpa edildikdə, qiymət
avtomatik olaraq azalacaq.

Şirkət təmsilçisinin sözlərinə görə, taksidə gedişin dəyəri bir
sıra amillər əsasında formalaşır: “Baza tarifi (avtomobilin qəbul
məntəqəsinə gəlişinin dəyəri), gedişə sərf olunan vaxt üçün gediş
haqqı, yürüş və dinamik əmsallar və sair. Qiymətlərə balanssızlıq
şəraitində tələb və təklif arasındakı vəziyyət də təsirini
göstərir”.

N. Əzizov qeyd edib ki, sürücü səyahətin təxmini dəyərini görəsə
də, lakin son qiymət fərqli ola bilər: “Bu da avtomobilin marşrutda
pis hava şəraiti, yol işləri, tıxaclar və s. ucbatından gecikməsi
ilə bağlı ola bilər. Məsələn, istifadəçi alternativ marşrut təklif
edib və ya səfər zamanı təyinat yerini dəyişib. Ümumiyyətlə, hər
hansı səfərin yekun dəyəri düsturla müəyyən edilir: (baza dəyəri
(“təchizat”) + məsafəyə görə xərc + səyahət vaxtına görə xərc) X
faktoru.

Şirkət təmsilçisi yekunda bildirib ki, “Bolt” müştərilərin
xidmətdən razı qalması üçün hər şeyi edir: “Xidmətin keyfiyyətini
və təhlükəsizliyini artırmaq üçün sürücülərə hər hansı insidentləri
qeyd etməyə imkan verən proqram vasitəsilə müştəri dəstəyimizə
müraciət etməyi tövsiyə edirik”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir