
Bakı. Trend:
44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda
şəhidlik zirvəsinə yüksələn polkovnik-leytenant Yaşar Sadıqovun və
əsgər Mirağa Əliyevin, həmçinin Ermənistan silahlı qüvvələrinin
törətdiyi təxribat nəticəsində 2023-cü il mayın 12-də şəhid olan
əsgər Məhəmməd Qarayevin xatirəsinə həsr olunmuş anım mərasimi
keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Həzi Aslanov adına Ordu
İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən anım tədbirində əvvəlcə
xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid
olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni
səsləndirilib.
Anım mərasimində çıxış edənlər polkovnik-leytenant Y.Sadıqovun,
əsgər M.Əliyevin və əsgər M.Qarayevin qısa, lakin şərəfli həyat və
döyüş yollarından danışıblar. Döyüş yoldaşları onlarla bağlı
xatirələrini mərasim iştirakçıları ilə bölüşüblər.
Sonra tədbir iştirakçılarına şəhidlərə həsr edilmiş sənədli
filmlər nümayiş etdirilib.
Sonda şəhidlərin ailə üzvləri və doğmaları onlara göstərilən
diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca
tutulduğuna görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban
Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə
minnətdarlıqlarını bildiriblər.