
Bakı. Trend:
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin
təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri
Arzu Əliyeva Bilgəhdə sahilyanı təmizlik aksiyasında iştirak
ediblər.
Trend xəbər verir
ki, IDEA İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən aksiyada
yüzdən çox könüllü iştirak edib. İməcilik zamanı toplanılan beş
tona yaxın tullantı “Təmiz Şəhər” ASC-nin Balaxanı bərk məişət
tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib.
Aksiyanın əsas məqsədi dəniz sahillərində təmizliyə riayət
olunmasını təbliğ etmək və insanları dənizətrafı mühitin mühafizəsi
uğrunda birgə səylərə cəlb etməkdir.
Qeyd edək ki, Xəzər dənizinin və Qafqaz regionunun digər su
hövzələrinin unikal biomüxtəlifliyinin mühafizəsi məqsədilə IDEA
sahilyanı ərazilərin təmizlənməsinə və bərpasına yönəlmiş dayanıqlı
fəaliyyətlər həyata keçirir.
IDEA İctimai Birliyi vətəndaşları çimərliklərdə istirahət
edərkən ətraf mühitin mühafizəsinə həssas yanaşmağa, sahilləri
təmiz saxlamağa, tullantıları ətrafa atmamaqla məsuliyyətli
davranış sərgiləməyə və yaranmış tullantıları ərazidə qoyub
getməməyə çağırır

