
Bu il Trend İnformasiya Agentliyi
yubileyini qeyd edir. Bu, bizim üçün sadəcə bir tarix deyil, həm də
auditoriyamız, ekspert icması və beynəlxalq tərəfdaşlarımızla
birlikdə keçdiyimiz çətin yolun əksidir. Trend, yerli
jurnalistikadakı ilk addımlarından regional xəbər agentliyinə
qədər, oradan isə biznes modelimizin Avropa Komissiyası tərəfindən
Şərq Tərəfdaşlığı regionunda medianın inkişaf modeli kimi
tanınmasına qədər uzun bir yol qət edib.
Bütün bu illər ərzində Trend mühüm siyasi, iqtisadi və mədəni
hadisələrin önündə olub, sonradan tarixi salnamənin tərkib
hissəsinə çevrilən hər bir anı qeydə alıb.
Beynəlxalq sammitlərdən peşəkar reportajlar, dövlət rəhbərləri
ilə eksklüziv müsahibələr, xaricdə xüsusi layihələr – bütün bunlar
agentliyin nüfuzunu möhkəmləndirməklə yanaşı, Trend-in beynəlxalq
informasiya mühitində bərabər şərtlərlə rəqabət aparmağa qadir
olduğunu sübut edib.
Qeyd etməliyəm ki, Prezident İlham Əliyevin və Birinci xanım
Mehriban Əliyevanın səyləri nəticəsində Azərbaycanda medianın
dinamik inkişafı üçün şərait yaradılmasaydı, Trend-in nailiyyətləri
də mümkün olmazdı. Bunun nəticəsində artan peşəmizin nüfuzu mediaya
beynəlxalq arenada rəqabət apara bilən yüksək intellektli gənclərin
gəlməsinə səbəb oldu. Bu isə bizə son on ildə bir çox çətinliklərlə
üzləşmiş, sürətlə dəyişən qlobal media bazarına uyğunlaşmağa imkan
verdi. Buraya jurnalistika böhranı, maliyyə çətinlikləri və
pandemiya da daxildir.
“Jurnalistika böhranı” dövründə bir çox media qurumları dəbin
təsirinə düşərək “yeni jurnalistika”ya üstünlük verib bloqosfera və
sosial şəbəkələrə üz tutdu. Biz də “ənənəvi media” anlayışından
uzaqlaşdıq, lakin fərqli strategiya seçdik. Bu da bizə o zamanlar
gənc media orqanı olan Trend ilə nüfuzlu beynəlxalq nəşrlər
arasındakı məsafəni tez bir zamanda azaltmağa imkan verdi.
On beş il əvvəl belə qənaətə gəldik ki, transmilli medianın,
AZƏRTAC kimi mötəbər dövlət nəşrlərinin işini sadəcə təkrarlamaq
nəticə verməyəcək. Bu yanaşmanın nəticəsidir ki, Trend bu gün
xaricdə geniş tanınır və nüfuz sahibidir. Məsələn, 2024-cü ilin
sonunda agentlik, ən böyük müstəqil monitorinq platforması olan
Medialogy-nin məlumatına görə, regionda ən çox istinad edilən media
orqanı olub.
Bu uğurlu təcrübəyə əsaslanaraq, növbəti inkişaf mərhələmizi
Şərqi Avropa bazarlarında fəaliyyət göstərməkdə görürük. Bundan
əlavə, bu payızda Türkiyə media bazarında xəbər nəşri və birja
portalını birləşdirəcək DHA Press adlı, Dəmirörən Holdinq şirkəti
ilə birgə layihəmizin aktiv reklam təşviqi başlayacaq. Bu layihə
çərçivəsində biz süni intellekt sistemlərinin media sahəsinə
inteqrasiyası ilə bağlı innovativ addımlar da atırıq. Sinxua
agentliyi artıq layihəyə qoşulub, Avropa və ərəb ölkələrinin
aparıcı KİV-lərinin də DHA Press-ə qoşulması üzərində iş aparılır.
Bu, Azərbaycan gündəminin Türkiyədə və dünyada yayılması üçün əlavə
platforma yaradacaq.
Fəxrlə deyə bilərik ki, bizim Avropa layihələrimiz artıq
regionun siyasi mənzərəsinin bir hissəsinə çevrilir.
Mən bütün həmkarlarıma – həm bu gün agentlikdə çalışanlara, həm
də bu 30 il ərzində müxtəlif dövrlərdə bizimlə birgə işləyənlərə
xüsusi təşəkkürümü bildirirəm. Onların hər biri Trend-in
formalaşmasına və uğur qazanmasına öz töhfəsini verib. Bu,
jurnalistlərin, redaktorların, analitiklərin, operatorların, İT
mütəxəssislərinin, menecerlərin və komandamızın bir hissəsi olmuş
hər kəsin birgə əməyidir. Məhz sizin sayənizdə Trend bu yolu qət
edə bildi, prinsiplərinə sadiq qaldı və Azərbaycanda, eləcə də onun
hüdudlarından kənarda etibar edilən agentliyə çevrildi.
Trend təkcə məlumat ötürmür, həm də rəy formalaşdırır,
prosesləri təhlil edir və dünyaya Azərbaycanı, eləcə də regionu
daha yaxşı anlamağa kömək edir. Bizim missiyamız Azərbaycan
haqqında məlumatları Azərbaycan mənbəsindən xarici auditoriyaya
çatdırmaqdır. Bu yubiley yalnız keçilən yolu xatırlamaq üçün deyil,
həm də gələcəyin çağırışlarına cavab vermək üçün bir siqnaldır.
Rəqəmsal transformasiya, dezinformasiyaya qarşı mübarizə, qlobal
rəqabət – biz bu çağırışlara hazırıq. Trend faktlara, peşəkarlığa
və beynəlxalq standartlara sadiq qalaraq etibarlı məlumat mənbəyi
olaraq qalacaq.